Görkəmli şəxsiyyətlər

Lüdviq Van Bethoven (1770-1827)

Almaniya, XVIII əsrin sonları. Kiçik Bonn şəhərinə qaranlıq çöküb. Dükanlar bağlanıb, evlərdən işıq gəlmir. Şəhər sakinləri qayğı dolu gündən sonra dincəlirlər. Yalnız kiçik bir oğlan yatağında qurcalanır, həyəcanla ətrafı bürüyən sükuta qulaq kəsilir. Lakin sonunda  yorğunluq öz işini görür və  uşaq yuxuya gedir. Kobud bir səs onu yuxudan oyadır.  Atası yorğanı oğlunun üstündən çəkib onu zorla ayağa qaldırır.
 
Oğlan gecə köynəyində, ayaqyalın  klavesinə yaxınlaşır,  əlləri klavesinin dillərinə çatmadığı üçün kiçik skamyanın üstünə çıxır. “Çal!”- deyə atası ona əmr edir. Uşaq soyuqdan əsə-əsə mənfur musiqi təmrinlərini ifa etməyə başlayır, əllərinin donmasına baxmayaraq səhvsiz çalmağa çalışır, çünki ən kiçik xətaya görə atası üzünü şillələyir, saçından tutub sürükləyir. Saray kapellasında oxuyan İohan oğluna musiqini belə öyrədirdi. Oğlunun fitri istedadını çox tez hiss edən İohan ondan “ikinci Motsart” yaratmaq istəyirdi.  Lakin Lüdviq atasının ümidlərini doğrultmadı: o, Motsart olmadı, Bethoven oldu. 
 
Ağır uşaqlıq illəri böyük alman bəstəkarının xarakterinə, onun bütün gələcək həyatına təsirsiz ötüşmür. 11 yaşında işləməyə başlayır, kilsədə  orqan çalanı əvəz edir, 14 yaşında knyaz sarayında orqan çalır, prixodun varlı sakinlərinə musiqi dərsi deyirdi. Bütün ailə onun qazancı ilə  dolanırdı. 
 
Lüdviq lap uşaq yaşlarından musiqi bəstələməyə başlayıb. Marş mövzusunda  fortepiano üçün variasiyalarını 12 yaşında  yazıb.
 
Bir qədər pul yığdıqdan sonra 1787-ci ildə Vyanaya Motsartın yanına yollanır.  17 yaşlı bəstəkar əsərləri barədə ən nüfuzlu bəstəkarın qərarını eşitmək istəyirdi. Motsart Bethoveni qəbul edir. İfasını dinlədikdən sonra  otaqda olanlara müraciət edərək deyir: “Bu cavan oğlana diqqət yetirin. O, hamını özü barədə danışmağa məcbur edəcək”.
 
Motsart  Bethoveni nəinki tərifləyir, həm də onun müəllimi olmağa razılıq verir. Lakin bu, Bethovenə qismət olmur.  Sevimli anasının  ağır xəstəliyi xəbərini alan Bethoven təcili surətdə  Bonna qayıtmalı olur. Anasının ölümündən sonra ailənin bütün qayğıları gənc bəstəkarın çiyinlərinə  düşür. 
 
Evi tərk etmək imkanı yalnız  1792-ci yaranır.  O vaxt Motsart  artıq dünyadan köçmüşdü.  Vyanaya gələn Bethoven Haydndan, habelə  Şenk, Albrehtsberger və Salyeridən musiqi dərsləri alır. O vaxt Vyana Avropanın musiqi paytaxtı sayılırdı. Burada gənc bəstəkarın istedadını dərhal qiymətləndirirlər.  Bethoven  nüfuzlu himayədarla əhatə olunur, əsərlərinə görə yaxşı haqq alır.  Gənc bəstəkar maddi durumunu yaxşılaşdırmağa müvəffəq olur. 
 
Bethoven bütün yaradıcılığı boyu doqquz simfoniya, fortepiano ilə orkestr üçün  beş konsert, skripka  üçün konsert, bir opera, bir balet, fortepiano üçün  32 sonata, habelə çoxlu sayda uvertüra, oratoriya, fantaziya, mahnı və s. əsərlər yaradıb. İndiyə qədər heç bir musiqiçi və musiqi xiridarı onun yaratdığı Üçüncü, Beşinci və Doqquzuncu simfoniyalara, “Ay” sonatasına, “Appassionata” kimi şedevrlərə biganə qala bilməyib. 
 
Hələ 1802-ci ildə başlayan xəstəlik  getdikcə şiddətlənir,  Bethoven eşitmə qabiliyyətini itirirdi. Axırda elə bir məqam gəlib çatdı ki,  ətrafında tam sükut bərqərar oldu.  Acı taleyin bu cür sərrast və ağır zərbə vurduğu bir adam təsəvvürə gətirə bilərsinizmi? Kim onun yerində olsaydı, yəqin ki, taleyin hökmünə çoxdan boyun əyərdi, amma Bethoven belə etmədi.
 
Heç nəyə baxmayaraq, musiqi bəstələməyə davam etdi. Bu, əsl möcüzə idi: bir-birinin ardınca not vərəqinə düzülən notlardan, akkordlardan gözəl bir simfoniya yaranırdı. Daxildən gələn necə bir kamil eşitmə qabiliyyətinə malik olmalısan ki, bir dəfə də  səhvə yol verməyəsən! Qəlbinlə, ruhunla dinləməyi necə bacarmalısan ki, düşüncələrini, duyğularını  səslərlə ifadə edə biləsən. Simfoniyanı orkestr ifa edir,  onlarca  musiqi alətinin hər birinin öz partiyasını,  öz melodiyasını yazmalısan. 
 
Bethovenin  sonuncu Doqquzuncu simfoniyası  ilk dəfə 1824-cü il  mayın 7-də Vyananın “Kertnertor”  teatrında ifa olundu.  Dirijor pultu arxasında bəstəkarın özü dayansa da, dirijor çubuğunu elə-belə tərpədirdi. Onun yerinə başqa kapelmeyster dirijorluq edirdi.  Simfoniya başa çatandan sonra salondan elə alqış sədaları qopdu ki, sanki divarlar buna davam gətirməyib çökəcəkdi. Bethoven isə bu alqışları eşitmirdi və əlindən tutub onu salona tərəf çevirənə  qədər arxası tamaşaçılara dayanmaqda davam edirdi.  Onu alqışlayan  insanlara səssizlik içində baxan bəstəkar, yəqin ki, sonuncu   simfoniyası barədə düşünürdü. Misli görünməmiş fədakarlıqla ərsəyə gətirdiyi bu simfoniya ilə sanki bütün həyatına, yaradıcılığına yekun vurmuşdu.