Rafiq Yusifoğlu. "Uşaq"
Körpələri incidəndə,
Xeyir-şər qarışıq düşür.
Uşaq görəndə adamın
Çöhrəsinə işıq düşür.
Ağacların budağında
Açılan çiçək-körpədi.
Köksümüzdə gecə-gündüz
Döyünən ürək körpədi.
Cocuq sevginin bəhrəsi,
Cocuq həyatın duzudu.
Cocuq yolumuz üstündə
Parlayan dan ulduzudu.
Ömrümüzü, günümüzü
Uşaq təbəssümü bəzər,
Uşaqsız ev, uşaqsız el
Susuz dəyirmana bənzər.