Şeirlər

Abdulla Şaiq. "Kəndli və ilan"

Gəldi bir kəndlinin yanına ilan.
Dedi: “Bundan sonra mənə gəl inan
Dost olaraq etibarımız olsun,
Əhd-peyman, qərarımız olsun.


Daha məndən qoruma sən özünü,
Mənə gəl yaxşı bax, sil gözünü.
Çıxmışam təzəcə qabıqdan mən,
Olmuşam indi başqa heyvan mən”.

 

Nə ilan kəndlini inandırdı,
Nə də öz mətləbini qandırdı.
Götürüb kəndli bir yekə payanı
Dedi: “Get, axmağı, səfehi tanı!


Qabığın tazə-bəs nə adətdir.
Ürəyin dop-dolu xəyanətdir?
İlana etibarımız olmaz.
Başı heç yer üzündə sağ qalmaz”.
Bu sözü söyləyib vurub ilanın
Başını əzdi, aldı orda canın.