Görkəmli şəxsiyyətlər

Avropada kitab çapının banisi – İohan Qutenberq

“Kitab çapı sənəti Mayns şəhərində ixtira edilib. Bu, ən mükəmməl sənət, ən mükəmməl elmdir… O, dünyanı zənginləşdirmək və maarifləndirmək üçün bilik və müdriklik xəzinəsini zülmətdən çıxarmağa imkan verib”. Bu sözlər 1474-cü ildə,  orta əsrlər salnamələrindən  birində  İohan Qutenberqin ixtirası barədə yazılıb. Salnamə müəllifi haqlıdır: kitab çapının ixtira edilməsi bəşəriyyət üçün vaxtilə təkərin ixtirası qədər əhəmiyyətli olub.


Ədalət naminə etiraf edək ki, kitabların qəlib lövhələrdən çap edilməsi İ.Qutenberqdən çox-çox əvvəl Çində məlum idi. Ehtimala görə, ilk kitab 704-751-ci illər arasında, yəni təxminən 1300 il əvvəl  Koreyada çap olunub! Lakin çap dəzgahı uzun müddət Avropaya yol tapa bilməyib. Ona görə də kimsə yenidən “velosiped icad etməli” olub. İ.Qutenberqin dahiliyi bundadır ki, o, sikkə kimi metaldan kəsilmiş çap hərflərindən (literlərdən) istifadə edib.


Avropada ilk naşirin həyatı barədə məlumat çox cüzidir. Hətta doğum tarixi də dəqiq deyildir: onun 1394, 1397,  1399, yaxud 1401-ci illərdə doğulduğu qeyd edilir. Yetərincə adlı-sanlı və zəngin bir ailədə dünyaya gələn İohan,  bəzi məlumatlara görə, hələ gənc yaşlarında bir çox sənətlərə yiyələnib: o, əla oymaçı, zərgər və həkkak olub. İ. Qutenberq gənc yaşlarında doğma şəhərindən qaçmaq məcburiyyətində qalıb, lakin sonralar geri qayıdıb.  O, çapxanalar açır, sonra onları borclu olduğu adamlara verirdi. Kağız almağa pulu  olmayanda kitab çapını dayandırır, əlinə pul keçən kimi işi başa çatdırırdı.


Böyük naşir kitablarda öz adını qeyd etmirdi. Ona görə də Avropa tarixində çap olunmuş ilk  kitabın adı və nəşr tarixi məlum deyil. Amma həmin nəşrə “Sivillinanın kitabı”ndan bir parçanın, “Məhşər günü” adlı hissənin daxil edilməsi və təxminən 1491-ci ildə çap olunması ehtimal edilir.


İ.Qutenberq 1468-ci il fevralın 3-də vəfat edib  və doğma şəhəri Maynsda fransiskan kilsəsində dəfn olunub, amma məzarının dəqiq yeri məlum deyil.