Nağıllar, hekayələr

Konstantin Uşinski. Yayda meşə

Meşə düzən kimi geniş deyil, amma günün isti vaxtında meşə çox yaxşı olur. Meşədə o qədər görməli şey var ki!

 

Uca qırmızımtıl şam ağacları öz iynəli başlarını qaldırıb, yaşıl küknar ağacları isə, tikanlı budaqlarını aşağı əyiblər. Ətirli yarpaqları olan qıvrıq qayın ağacı gözəl görünür; bozumtul ağcaqovaq əsim-əsim əsir; yekə palıd ağacı isə, naxışlı yarpaqlarını çadır kimi ətrafa yaymışdır.

 

Otların içində çiyələk kolunun ağ tumurcuğu görünür, yanında isə, ətirli meyvəciklər də qızarır. Uzun hamar yarpaqların arasında incigülünün ağ sırğacıqları yırğalanır. Hardasa, möhkəm dimdikli ağacdələn ağacı döyəcləyir; sarıköynək quşu dərdli ötür; yurd­suz-yuvasız ququ quşu illəri sayır. Boz xırdaca dovşan qaçıb kolların içinə girir; uca budaqların arasında dələ görünür.

 

Uzaqda, meşənin qalın yerində nəsə cırıldayır – bəlkə əyripəncə ayı əymə əyir?