Şeirlər

Gülzar İbrahimova. Azərbaycan dilim

Mənim gözəl, mehriban,
Çox müdrik bir elim var,
Danışanda bal dadan,
Azərbaycan dilim var!

 

Bir körpə sevgi ilə,
Dil açsa, desə, “ana”,
O gündən də həmin dil,
Hopmuş olar qanına.

 

 

 

Yad dil doğma dil kimi,
Mənim qəlbimə yatmaz.
Necə yaxşı bilsəm də,
Ruhuma sevgi qatmaz!

 

Mənim üçün yad bir dil,
Ana dil ola bilməz,
Çünki heç vaxt beynimdə,
Düşünmürəm yad dildə.

 

Dilim dilimə yatar,
Dilim bal-şəkər dadar.
Hər dilin gözəlliyi,
Elinə ayna olar.

 

Dilim Nizami dili,
Füzuli qəzəlidir,
Şəhriyar sədasıdır,
Dahilərin dilidir.

 

Dilim Üzeyir dili,
Niyazi əsəridir,
Dilim Dədə Qorqudun,
Müdriklik zirvəsidir.

 

Gözəl dilim bir dastan,
Kitabəsi Qobustan,
Var min illik tarixim
Yaşa, Ey Azərbaycan!

 

Dilim Ata-Anamın,
Məni sevdiyi dildir,
Mənim doğma dilimdir,
Azərbaycan dilimdir!