Nağıllar, hekayələr

Mir Cəlal Paşayev. Söyüd kölgəsi

Dünyada hərənin bir həvəsi, bir marağı olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.

 

Bir gün bostanın qırağında, yol ağzında dayanıb nəyisə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı. Bir şey itirmiş kimi yolun o yan-bu yanına gedib-gəldi; çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.

 

Onun səhərisi, hələ gün qalxmamış Salman əmi həmin yerdə bir çuxur qazıdı. Çox çəkmədi, gətirdiyi iri bir söyüd qələmini basdırdı, kənarlarına da bir az tikan düzdü ki, mal-qara toxunmasın. Salman əmi günorta ləklərin arasında işləyəndə, kürəyinə dəyən isti yay günəşindən təngişəndə dəyəsinə qayıdıb dincəlirdi. Yolun ortasında belə bir kölgəliyə ehtiyac hiss edəndə, deyəsən, sakit bir səs içəridən ona tapşırırdı: "Burada bir ağac ək".

 

Daşlıca azı kənddən beş verst kənarda, bağ-bağat yollarının ayrıcında bir yer idi. Ətraf əkin yeri idi, ancaq nədənsə bir kölgəlik yox idi. Salman əminin bostan yerinə yaxın Saz bulağı deyilən balaca bir bulaq da var idi. Yolçular yay günü bu bulaqdan içməmiş, əl-üzünü yumamamış ötməzdilər. Di gəl ki, günün istisindən yayınmağa, bir hovur oturub nəfəs dərməyə daş kölgəsi də yox idi.

 

Salman əmi buna görə yol ağzında bir söyüd ağacı əkdi. Beş il ondan yaxşıca muğayat olub böyütdü.Cavan və tənha ağac qol-budaq atdığı kimi, çoxdan kök buraxıb rişəsini suya yetirmişdi. Bulaq suyundan içir, səhər günəşindən işıq, istilik alır, ildən-ilə canlanır, böyüyür, yaşıl budaqlarını yasəmən salxımları kimi yolçuların başına sallayır, kölgəsi ilə çölün havasını sərinlədir, gəlib-gedəni salamlayırdı. Lap kənardan ötən, bulaqdan xəbərsiz yolçular da söyüd kölgəsində sərinlənməyə gedirdilər. Salman kişi bunu görəndə ürəyi böyüyür, könlü açılır, xələf övlad böyütmüş atalar kimi xoşhal olurdu.

 

— Gərək, — deyirdi, — yoxlayam, görəm bu ağacın qədrini bilən varmı, gəlib-gedən nə deyir?

 

Bu məqsədlə kölgəlikdə adam olan zaman saymazyana gəlib dayanmaq, deyilənləri eşitmək istəyirdi.

 

Bu dəfə iki atlı gəlib söyüd altında düşdü. Salman əmi əlində bel, mərzi selləmək bəhanəsilə yol ağzına yanaşıb atlılara qulaq verdi. Atlılar geyimlərindən müəllimə ya həkimə oxşayırdılar. Nə isə, oxumuş adam idilər. Atları kola bağladılar. Gülüşə-gülüşə bulağa enib su içdilər. Sonra ağır-ağır qalxıb kölgəlikdə, göy ot üstündə dirsəkləndilər.

 

Salman əmi sevindi, çünki onların çox arxayın və söhbət istəyən adam olduqları bilinirdi. Atlıların biri cibindən qutu çıxarıb papiros bükdü; o birisi — nisbətən alçaqboy oğlan — çoxdan başlanmış, özü də mübahisəli bir söhbəti təzələdi:

 

— Səhvin var, sən adam tanıya bilmirsən.

 

Papiros çəkən də soyuqqanlı cavab verdi:

— Mən bir baxışda bilirəm bu nə yuvanın quşudur. Şirin dilə aldanmıram.Atlılar kimin barəsindəsə deyişirdilər. O dedi, bu dandı; bu dedi, o rədd elədi. Onların söhbətindən bir mətləb çıxmadığını görən bostançı məyus və peşman öz dəyəsinə qayıtdı.

 

İkinci gün Salman əmi kölgəlikdə uzanan bir şəhərlini dinləyirdi. Şəhərli, görünür ki, piyadalıq görmədiyindən, yol yorğunu olduğundan səssiz, hərəkətsiz uzanmışdı. Bir xeyli dayanandan sonra Salman əmi çıxıb getmək istəyirdi ki, şəhərli dilləndi:

— Necə sözdür, ay dayı?

Salman kişi bu üzə döndü:

— Nə söz, ay bacıoğlu?

Şəhərli qalxıb oturdu:

— Bu ağacı əkəni deyirəm ey; deyirəm tünbətün oğlu, zəhmət çəkib əkirsən, meyvə ağacı əksənə; bir tut ağacı ya armud ağacı əksəydin, əlin topal olmazdı ki...

Şəhərlinin sözü Salman əmini bərk tutdu. Kişi heç bir cavab verməyib başını aşağı saldı, qayıdıb dəyəsinə gəldi.

 

Üçüncü gün kölgəlikdə bir gəl arabası əyləndi. Arabaçı əlində bıçaq söyüd ağacına dırmandı. Salman əmi yüyürüb yaxın gəldi. Arabaçının samı qayırmaq üçün ağac axtardığını bilib sakit oldu.

 

— Ay eloğlu, — dedi, — bəlkə bu ağac burada əkilməyəydi, samını haradan alacaqdın?

 

Salman kişi bu işarə ilə yaxşı söz eşitmək istəyirdi. Arabaçı başıaşağı budağın qabığını yontalaya-yontalaya etinasız dedi:

 

— Zalım oğlu, bunun yerində qarağacdan, çinardan bir möhkəm şey əkə bilməzdimi? Söyüdün samıya nə davamı olacaq? Əlacsızlıqdan yonuram. Bilirəm ki, hədərdir...

 

Salman əmi ona da cavab vermədi.

 

Dördüncü gün havanın lap bürkü vaxtında ki, nəfəs almaq olmurdu, bir dəstə biçinçi Saz bulağına töküldü. Onlar yaxın tarlaların birində işləyirdilər. Söyüd kölgəsində nahar eləməyə gəlmişdilər. Yetişən kimi xurcunu açıb süfrə sərdilər, torbadan süzmə çıxartdılar, bulaqdan su götürüb ayran elədilər; çörək, soğan, xiyar doğradılar. Ağac qaşıqları əllərinə alıb iştaha ilə yedilər.

 

Salman əmi istədi onları bostan tərəvəzinə qonaq eləsin. Sonra fikirləşdi ki, kənarda dayanıb dinləmək lazımdır: görək bunlar xeyir işi görürlər, ya yox?

 

Biçinçilər süfrəni yığdılar, əllərini başları altına çataqlayıb söyüd kölgəsində uzandılar.

— Rəhmət içində olasan, ay ağac əkən kişi.

 

Salman əmi diqqət yetirəndə lap kənarda uzanan qara saçlı oğlanın danışığını seçdi. Bir başqası onun sözünə qüvvət verdi:

— Bu düzün ortasında söyüd kölgəsi dünyalara dəyər. Var olsun bunu əkən əllər.

 

Salman əmi özünü saxlaya bilmədi. Mərzin dibindən qalxıb kölgəliyə tərəf yeridi və dilləndi:

— Var olsun qədirbilən igidlər.

Biçinçilər ağac əkən kişini tanıdılar. Qarasaçlı oğlan dikəlib oturdu:

— Əmi, bu saat sənə rəhmət oxudum, bağışla məni.

— Nə olar, oğul, rəhmət diriyə də lazımdır. Siz ki mənim əməyimi bilir, haqq-sayımı deyirsiniz, bundan yaxşı rəhmət olmaz.

Salman əmi bir əlini toqqasına keçirtdi, bir əlinin şəhadət barmağı ilə söyüd kölgəsini göstərib ürək sözünü dedi:

— Burada çoxları oturub, çoxları gəlib-gedib, çoxları da ağac əkənin ata-babasını söyüb gedib. Bu qulağımla eşitmişəm, dinləmişəm, çünki onlar öz mənfəətlərini güdürdülər. Dünyada, bacıoğlu, hər sifətdə insan var. Mən bilirdim ki, bu kölgənin qədrini bilənlər, mənə "Sağ ol!" deyənlər olacaq. Dünya xali deyil. İndi budur, sizin rahatlandığınızı görəndə, söhbətinizi eşidəndə bütün ağrılar canımdan çıxır. Özümü anadangəlmə bilirəm, dünyada borcumu ödəmiş oluram...

 

Biçinçilərdən biri Salman əminin sözünü kəsdi:

— Zər qədrini zərgər bilər, əmi, biz özümüz də zəhmət adamıyıq.

— Oğul, mənim zənnimcə, dünyada xeyir iş görməyən adam bir heç məqamındadır. Niyə ki, it də başını dolandırar. Biz insanların gərək dünyada izi qalsın, yaxşı işi, əl yerisi qalsın.

 

Salman əmi üzünü aşağıya çevirdi, qucaqlamaq istər kimi qollarını açdı:

— Budur ey, üzüaşağı görürsünüz, hamısı bağdır, bostandır. Atalar, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Biz də gərək əkək, yetirək ki, xeyrini balalar görsün. Yoxsa hamı ancaq yemək qeydinə qalsa, onca ildə dünya xaraba qalar.

 

Biçinçilər bir ağızdan Salman əminin sözünü təsdiq elədilər. Onlar qalxıb gedəndə söyüd ağacı cavan, yaşıl, təmiz yarpaqlı budaqlarını dalğa kimi tərpədir, ipək kimi zərif, xışıltılı səsi ilə Salman əminin fikrincə, sanki "Bəli, bəli" deyirdi.