Nağıllar, hekayələr

Mehdi Hüseyn. Maral əfsanəsi

Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşirdi. Saralıb-solmuş yarpaqlar bir müddət havada qanad çalaraq yerə səpələnirdi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qəribə, əsrarəngiz bir sükut çökdü.
 
Meşəni gümüş xəncər kimi iki yerə bölmüş Kür çayı sakit-sakit axırdı. Arabir xəfif külək əsir, xəzan yarpaqlarını xışıldadırdı. Ətrafın dərin sükutunu pozan bu xışıltı birdən qüvvətləndi və çox keçmədi ki, güllə səsi gələn tərəfdən bir maral çıxıb özünü sahilə verdi. Hündür palıd ağaclarının arxasında yavaş-yavaş gizlənən axşam günəşi də sarımtıl bir rəngə çalırdı. Maral sahilə endiyi zaman artıq Kür suları da sapsarı olmuşdu. Maral yüyürdükcə tez-tez büdrəyir, şax-budaqlı buynuzları ağaclara toxunurdu. Yenə də xəzəllər uçuşaraq yerə qonurdu. Maralın keçib gəldiyi yerdə sarı yarpaqlar üzərinə qan damlaları çilənirdi. Bu qan maralın döşündən axırdı. Birdən maral buynuzlarını yuxarı qaldırıb ürkək nəzərlərlə ətrafına boylandı. Onun yaşla dolmuş qumral gözlərində ümidi puça çıxmış bir insanın qəmgin ifadəsi vardı. Günün ziyasını əks etdirən göz yaşları sarıya çalırdı.
 
Təbiət nə üçün saralmışdı? Bəlkə də bu, həyatın əbədi qanunu idi. Maralın göz yaşları daha çox parıldadı. O, səssiz-səmirsiz dayanaraq, bir neçə an ətrafı dinləri. Xəfifcə xışıldayan xəzəllərdən başqa heç nədən səs çıxmırdı.
 
Maral çoxdan bələd olduğu cığırla suya endi. Od içində yanan dodaqlarını Kürə söykədi. Bir xeyli müddət içdi. Yalnız bir kərə dərindən nəfəsini dərib yenə suya döşəndi. Onun sinəsindən axan iri qan damlaları sakit dalğalara qarışır, bir göz qırpımında su rənginə dönüb görünməz olurdu.
 
Birdən maralın sağ tərəfindən, bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı:
 
— Xoş gördük, maral qardaş, — dedi, — səndən nə əcəb, bu gün belə tez gəldin? Hələ ki şər qarışmayıb.
 
Yarasının sızıltısını indi daha çox hiss edən maral həmişəki qürurunu pozmadı. Çoxdan tanıdığı bu tısbağaya könülsüz bir cavab verdi:
— Heç... Bu gün hava çox isti oldu...
 
Tısbağa sudan büsbütün çıxdı, sahilin payız otlarına sürtündü:
— Maral qardaş, — dedi, — mən bir az bundan əvvəl yenə sudan çıxıb günəşdə qızınırdım. Güllə səsi eşidib suya atıldım... Ovçu uzaqdadırmı?
 
Maral dinmədi. Bu sözlər bir azca könlünə toxundu. İnsanları sevməsə də, onların tısbağaya güllə atmadığını yaxşı bilirdi. Birdən tısbağanın gözləri maralın döşünə zilləndi. O, təəccüblə baxdı və qorxudan titrəyərək bir neçə kərə udqundu:
— Bu nədir, maral qardaş? Deyəsən, yaralanmısan...
 
Maral yenə də qürurla cavab verdi:
— Bəli, — dedi, — çox ağır yaralanmışam. Ovçu məni dörd gündən bəri izləyirdi. O, məni çox axtardı. Dünən axşamüstü məni itirib Kürün o tayına, kəndə qayıtdı. Bu gün mən arxayın olub talaya çıxdım. Səhərdən rahatca otlayırdım ki, birdən güllə açıldı. Mən başımı qaldırıb baxdım, atan həmin ovçu idi. Düz sinəmə nişan almışdı.
 
Tısbağa marala daha yaxın gəldi, diqqətlə onun yarasına baxdı:
— Eh, — dedi, — bilmirəm bu ovçu, gözü tökülmüş, sən maraldan, mən maraldan nə istəyir?
 
Bu sözü eşidərkən məğrur maralın dizləri büküldü. İndiyədək damcı-damcı axan qanı birdən fəvvarə vurmağa başladı. Maral yerə yıxıldı. Tısbağa ona daha da təəccüblə baxdı:
— Nə oldu, maral qardaş? — dedi.
 
Maral dərindən köksünü ötürdü və artıq qürub etmiş payız günəşinin son şüalarına həsrətli bir nəzərlə baxaraq dedi:
— Zalım ovçunun gülləsindən mən ölməzdim. Amma sənin sözün məni öldürdü.