Quba Azərbaycanın gözəl təbiəti və qədim tarixi ilə seçilən guşələrindən biridir. “Quba” sözü Qudyalçayın adından götürülmüşdür. XVIII əsrin ortalarında Hüseynəli xan Qubanı mərkəzə çevirmiş və öz iqamətgahını da buraya köçürmüşdü. Fətəli xanın dövründə Quba xanlığı daha da inkişaf etmişdir.
Quba rayonunun ərazisi ulu yaradan tərəfindən sanki turizm və insanların ağır əməkdən sonra istirahət etməsi üçün nəzərdə tutulmuşdur. Sıx meşələr, uca dağlar, şiş qayalar, gur çaylar, soyuq bulaqlar, nəğmə deyən şəlalələr, dibi görünməyən yarğanlar və s. buraya gələnləri vəcdə gətirir. Hər il on minlərlə turist, səyyah, qonaq, təbiət vurğunu bu əsrarəngiz gözəlliklərdən həzz alır.
Quba Bakıdan 168 kilometr məsafədə yerləşir. Dəniz səviyyəsindən 600 metr yüksəklikdədir. Şahdağın şimal-şərq yamaclarında yerləşir. Qubada müxtəlif millətlərin nümayəndələri yaşayır.
XIII əsrdə Azərbaycana gələn ərəb coğrafiyaşünası Yaqut Həməvi burada zəngin meyvə bağları olduğunu yazırdı.
Quba xalçaları dünyada çoxdan məşhurdur. Bura gələn həmvətənlərimiz, xüsusilə də əcnəbi qonaqlar yerli xalçaçı ustalar tərəfindən əllə toxunmuş xalçaları həvəslə alırlar. “Çiçi”, “Pirəbədil”, “Qollu Çiçi”, “Qımıl”, “Cimi”, “Yerfi” və s. xalçalar dünyanın bir çox muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Abbasqulu ağa Bakıxanovun ev-muzeyi
Azərbaycanın yazıçısı Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də Qubada yerləşir. Azərbaycan tarixinə aid ilk elmi əsər hesab edilən “Gülüstani-İrəm” kitabını A.Bakıxanov məhz bu evdə yazmışdır.
Qubadakı "Çuxur hamam"
XVIII əsrdə yaşamış məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Qubaya da gəlmişdir. Qubanın gözəl, qeyri-adi təbiəti onu valeh etmiş, buranın tarixi abidələri ilə tanış olmuşdur. Mənzərəli yerlərin birində istirahət edən qubalılar yazıçını tonqal ətrafına dəvət etmişlər. Köz üzərində bişirilən kababın özünəməxsus ləzzəti Dümada böyük təəssürat yaratmışdır.
Norveç alimi və səyyahı Tur Heyerdal da öz əsərlərində Qubanın gözəlliklərini təsvir etmişdir.
09.09.2025