Nağıllar, hekayələr

Tülkü və kəklik

Bir kəklik dağ başında oxuyurdu. Tülkü onun səsini eşidib  yanına gəldi və dedi:

-Ay kəklik, sən ki belə gözəl quşsan və belə gözəl səsin var, elə həmişə oxuyursan? Bəs sən heç yuxulayıb yatmırsan?

Kəklik dedi:

-Niyə yatmıram, əlbəttə ki, yatıram!

Tülkü  dedi:

- İndi  ki belədir, bir mənə göstər görüm, sən necə yatırsan?

Kəklik yatmağını tülküyə göstərmək üçün  gözlərini yumdu. Tüklü cəld sıçrayıb onu tutdu.

Kəklik gördü ki, tülkü onu aldadırmış. Axmaqlıq edib  onun hiyləsinə inanıb.  İndi tülkü onu yeyəcək.  Başını tülkünün  ağzından çıxarıb dedi:

- Ay tülkü baba, sən ki, belə zirək heyvansan və belə cəld şikar tutursan, heç şikarı yeyəndə  Allaha şükür edirsən?

Tülkü cavab verdi:

- Necə ki eləmirəm, yaxşı eləyirəm.

Onda kəklik dedi:

- İndi tutaq ki, sən məni yeyibsən, bir Allaha  şükür elə görüm, nə sayaq edirsən?

Tülkü ağzını açdı ki, şükür eləsin, kəklik bu anda uçub qondu bir qayanın üstünə.

Tülkü vəziyyəti belə görüb dedi:

- Kəklik qardaş, sən ki mənim ağzımdan  qurtardın, get. Amma lənət olsun o adama ki, şikarını yeməmiş Allaha şükür edə!

Kəklik cavabında dedi:

- Yaxşı deyirsən, tülkü baba, o adama da  lənət gəlsin ki, yuxusu gəlməmiş  gözlərini yumub yatmaq istəyə!

 

Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından götürülüb