“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsinə başlanılıb
Bakı, 27 mart, AZƏRTAC
Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil edilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
Martın 27-dən müsabiqənin şəhər mərhələsində 40 nəfər paytaxt məktəblisinin təqdimatının dinlənilməsinə start verilib. Təqdimatların dinlənilməsi prosesi iki gün davam edəcək. Müsabiqənin şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat müəllifi apreldə ölkə turuna qatılacaq.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, söz ehtiyatının zənginliyi, Ulu Öndərin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi məktəbdaxili, rayon, şəhər və ölkə mərhələlərindən ibarətdir.
26.03.2018