Təbiət

Ağıllı canlılar

Əvvəllər belə bir fikir var idi ki, yalnız insanlar hafizə və zəkaya sahibdirlər. Ancaq müşahidə və eksperimentlər bəzi heyvan və quşların da ağıllı və hafizəli olduqlarını sübuta yetirib. Bu canlıların hansı xüsusiyyətləri intellekt göstəricisi sayıla bilər?

 
Sidr quşu güclü yaddaşı olan nadir canlılardan biridir. Bu quş sidr ağacının toxumları ilə qidalanır. Həmin toxumlar sentyabr ayında yetişir. Quş digər aylarda qidalanmaq üçün toxumları xeyli uzağa (bəzən 20 km) apararaq gizlədir və üzərinə kiçik bir daş qoyur. O, qısa zamanda böyük bir sahəyə 100 minə yaxın toxum basdırır. Quşun daşlarla qoyduğu işarələr qar yağandan sonra itir. Maraqlıdır ki, bu vəziyyət quşu çaşdırmır və sidr quşu basdırdığı 100 minə yaxın toxumun 90%-ni tapa bilir.
 
 
Zəka qabiliyyətinin göstəricilərindən biri də alətdən istifadədir. Qarğalar müxtəlif alətlərin köməyi ilə qida əldə edə bilirlər. Onlar dimdikləri ilə xırda bir daş götürüb dəvəquşu yuvasına doğru uçurlar. Daşla yumurtanı sındırıb içirlər.
Eksperiment aparan alimlər kötüyün içində dərin yarıq açıblar. Ora yem qoyublar. Qarğa qısa bir zamanda kiçik çubuqların köməyi ilə yemi yarıqdan çıxarmağın yolunu tapıb.
 
 
Alimlər zəkanı ölçmək üçün aynada özünütanıma üsulundan istifadə edirlər. Heyvan yatanda onun bədəninə boya ilə işarə qoyulur. Əgər heyvan güzgüdə özünü tanıyırsa, bədənindəki həmin ləkəni silməyə çalışır.
Belə bir eksperimentdən delfinlər uğurla çıxmışlar.
 
 
 
 
Fillər sevinc və kədər kimi müxtəlif duyğuları nümayiş etdirə bilirlər: özlərini yaxşı hiss edəndə sevinir, qəmgin olanda isə ağlayırlar. Fil onu incidən adamı ömürlük yadında saxlayır və illər keçsə belə,xatırlayıb intiqam alır.
 
 
 
Uzun illər belə hesab olunub ki, insan problemlərin həlli üçün alət hazırlamağı bacaran yeganə canlıdır. Amma alimlərin şimpanzelər üzərində müşahidələri göstərdi ki, onlar əl və dişlərinin köməyi ilə budaqdan iti çubuqlar düzəldir və onların vasitəsilə termitləri (ağ qarışqaları) yuvasından çıxarır, iri yarpaqdan "fincan" düzəldib su içirlər.
 
 
 
 
Bir çox heyvanlar müxtəlif səslər çıxarmaqla ünsiyyət qura bilirlər. Lakin insandan fərqli olaraq, onların ötürdüyü informasiya çox məhduddur. Heyvanlar, əsasən, təhlükə, qida mənbəyi və s. haqqında bir-birinə xəbər verirlər. Məsələn, xoruzlar toyuqları xəbərdar etmək üçün yemək tapdıqda bir cür, təhlükə hiss etdikdə isə başqa cür səs çıxarırlar.
 
Bəzi ev heyvanları isə (it, pişik, at) davranış və bədən hərəkətləri ilə müxtəlif emosiyalarını (sevinc, qorxu, qəzəb) ifadəedirlər.