Şəhla Zahidova. Sözün qüdrəti
Bir gün sinifdə qızğın mübahisə gedirdi. Uşaqlar gəzintiyə çıxmaq istəyirdilər. Lakin hara getmək barədə yekdil qərara gələ bilmirdilər. Kimi əyləncə mərkəzini, kimi kinoteatrı məsləhət görürdü. Nə təklif irəli sürülsə, Nərmin saymazyana şəkildə deyirdi:
- Görmüşük də oranı! Eyni yerə nə qədər getmək olar?! Gedək kitab sərgisinə! Kitab oxuyun. Biliyinizi artırın.
Uşaqlar incik halda başlarını bulayır, heç nə demirdilər. Vəziyyəti belə görən Gülər dedi:
- Uşaqlar, əyləncə mərkəzinə həmişə gedə bilərik, kinoteatra da. Amma sərgi hər gün olmur. Bəlkə, doğrudan da, kitab sərgisinə gedək? Orada kitabları endirimlə satırlar. Mən məmnuniyyətlə yeni çıxmış detektiv və ya elmi-fantastik kitab alardım.
Uşaqlar bir ağızdan: "Gedək, gedək!" - deyə hay-küy saldılar. Bircə Nərmin qaşqabağını sallamışdı.
Dərsdən sonra, həmişəki kimi, Gülərlə Nərmin evə yollandılar. Yolda Nərmin deyinməyə başladı:
- Necə olur ki, sinifdə hamı sənin sözünü eşidir, mənim yox? Bu gün mən nəsə başqa söz dedim? Mən də sən deyəni dedim də... Mənə dodaq büzürlər, səni alqışlayırlar.
- Sən də mən deyəni deyirsən e, Nərmin, haqlısan. Amma baxır necə deyirsən...
Qızlar xiyabana çatanda musiqi səsi eşitdilər. Bir nəfər skamyada oturub gitara çalırdı.
Bu, uşaqların sevdiyi musiqi idi. Nərmin dedi:
- Dayanaq, bir az qulaq asaq.
Gülər həvəslə: "Yaxşı olar", - dedi.
Uşaqlar musiqiçinin qarşısında dayanıb dinləməyə başladılar. Onun yanında bir lövhə, qarşısında isə qutu qoyulmuşdu. Qutunun dibində bir neçə qəpik pul var idi.
Lövhədə yazılmışdı:
Gözlərim görmür. Xahiş edirəm, mənə yardım edin.
Lövhənin üzərindəki yazını və qutunun dibindəki qəpik-quruşu görən qızlar məyus oldular. Ciblərində olan qəpikləri qutuya atdılar. Ətrafdakılar musiqiçiyə fikir vermir, yanından ötüb-keçirdilər. Çox az adam yaxınlaşıb qutuya pul atırdı. Nərmin dedi:
- Gülər, bəlkə, insanlardan xahiş edək, ona kömək etsinlər. Axı onun gözləri görmür! Başqa necə çörək qazana bilər?!
Sonra gözü lövhəyə sataşdı, dodağının altında deyindi:
- Əşi, yazıb da: "Gözlərim görmür".
Gülər heç nə demir, fikirləşirdi. Birdən çantasını açdı, qələmini çıxardı. Lövhəni götürüb o biri üzünü çevirdi və yazmağa başladı. Yazını bitirib lövhəni yerinə qoydu.
Lövhədə yazılmışdı:
Gözəl gündür. Heyif ki, mən bunu görə bilmirəm.
Bir az keçdi. Artıq oradan keçən heç kim yazılanlara laqeyd qala bilmir, yaxınlaşıb qutuya pul atırdı.
Nərmin gah musiqiçiyə, gah onun başına yığılmış insanlara, gah da səmimi sözlərlə hamını ovsunlamış dostuna baxıb düşünürdü: "Sözün gücünə bax..."
26.05.2026