Nağıllar, hekayələr

Reyhan Yusifqızı. Yaşılgözlü qız

 Planetlərin, ulduzların arası ilə kosmik gəmi uçurdu. Yaşılgözlü balaca qız gəminin dairəvi şüşəsindən ətrafı seyr edirdi.

 

- Ulduzları yaxından görmək necə də maraqlıdır! Kan, bu səyahətə məni də götürdüyünə görə sənə çox minnətdaram! - deyə o, qardaşına təşəkkür etdi.

 

Kan gülümsədi:


- Kainat bir möcüzədir, Lemi. Ulduzlar, planetlər...

 

Onların Günəş sistemində gördüyü ilk planet Neptun oldu. Lemi açıq-mavi rəngli bu planetin gözəlliyinə heyran qaldı. Sonra yaşılımtıl-mavi planet - Uran göründü. Daha sonra sıra ilə Günəş sistemindəki digər planetlərlə qarşılaşdılar.

 

- Bəs Yer planeti hanı? - deyə Lemi səbirsizliklə soruşdu.

 

- Yer planeti bu saat Günəşin o biri tərəfindədir. Biz onu görmək üçün Günəşin ətrafına dolanmalıyıq.

 

Bir qədər sonra Kan Lemini səslədi:

 

- Lemi, qarşıya bax! Bu, Yerdir!

 

Onlar Yer planetinə yaxınlaşıb onun ətrafında dolanmağa başladılar.

 

Birdən kosmik gəmidə qəza baş verdi. O, istiqamətini dəyişib Yerə doğru yönəldi. Kan cəld cihazların arxasına keçdi. Gəmini idarə etməyə çalışdı. Amma cihazlar sözə baxmırdı. Kan öz planetinə həyəcan siqnalı göndərib kömək istədi. Sonra xilasedici paraşüt-şarları çıxardı:

 

- Şarın içinə keç, Lemi! Səhv etmə, hər şeyi təlimata uyğun elə! Vaxtında kömək gəlməsə, biz paraşüt-şarların içində gəmidən kənara atılmalıyıq.

 

Onlar şarların içinə girib gözləməyə başladılar. Lakin Lemi tələsib düyməni basdı. Xilasedici şar bir göz qırpımında gəmidən kənara atıldı. Yavaş-yavaş Yerə enməyə başladı. Leminin qolundakı saat yanıb-söndü. Kan həyəcanla qışqırdı:

 

- Lemi, Lemi, sən neylədin?! Niyə tələsdin?! Bizi xilas etdilər. Gəmi geri qayıdır! Özündən muğayat ol, Lemi! Tezliklə sənin dalınca gələcəyəm! Saatı qolundan çıxarma!..

 

Lemi çaşqın halda gəminin arxasınca baxdı. Bir neçə saniyədən sonra əlaqə kəsildi: o daha Kanın səsini eşitmirdi. Paraşüt-şar yavaş-yavaş Yerin səthinə endi...

 

Böyük məktəb binasının həyəti uşaqlarla dolu idi. Lemi darvazanın ağzında dayanıb onlara baxırdı. Bir azdan zəng vuruldu. Uşaqlar siniflərə doğru qaçdılar. Həyətdə tək bircə qız qaldı. Bu, dördüncü sinifdə oxuyan Aysel idi. O, pilləkəndə oturub əlindəki telefonla oynayırdı. Lemi cəsarətini toplayıb Ayselə yaxınlaşdı:

 

- Nə qəribə cihazdır! Bu nə üçündür?

 

Aysel təəccübləndi:

 

- Heç ömründə telefon görməmisən?

 

- Yox!

 

- Sən bəyəm Aydan gəlmisən?

 

- Aydan yox, Ay bura yaxındır. Mən daha uzaqdan gəlmişəm.

 

Qəflətən telefon zəng çaldı. Aysel telefonu qulağına apardı:

 

- Hə, ana, məktəbin həyətindəyəm. Kənanı gözləyirəm, narahat olma.

 

Leminin gözləri güldü:

 

- Demək, bu cihaz danışmaq üçündür. Mənim planetimdə adamlar bir-biri ilə saatla əlaqə saxlayırlar, - deyə o, qolundakı saatı göstərdi.

 

Aysel heyrətlə Lemiyə baxdı: "Doğrudanmı, o, başqa planetdən gəlmişdir?" - deyə düşündü.

 

Bir qədər sonra Kənan gəldi. Aysel qardaşını kənara çəkib onunla xeyli pıçıldaşdı. Kənan bir-iki dəfə çevrilib Lemiyə baxdı. Sonra çiyinlərini çəkib əllərini yellədi.

 

Onlar qərara gəldilər ki, Lemini hələ gizli saxlasınlar. Kənan dedi:

 

- Lemi hələlik qonşumuz Aida xalanın yanında qalsın. Onun ailəsi Almaniyadadır. Ona deyərik ki, Lemi Köln şəhərindən qonaq gəlib. Qalmağa yer axtarır. O da yaşlı qadındır, təkdir, nəvələri üçün darıxır. Lemini heç yerə buraxmayacaq. Yanında qalmasını istəyəcək.

 

Belə də etdilər. Aidə xala Lemini mehribanlıqla qarşıladı.

 

Evdə Kənan anası ilə yadplanetlilər haqqında söhbət apardı:

 

- Ana, səncə, yadplanetlilər mövcuddur?

 

- Yox, oğlum. Bunlar hamısı uydurmadır. Hərdən bəziləri deyir ki, uçan boşqab gördüm, yadplanetli ilə görüşdüm. Hətta buna aid şəkillər, filmlər də var. Amma heç biri sübut olunmayıb. Belə şeylərə heç vaxt inanmamışam.

 

Bir gün uşaqlar Lemini özləri ilə birlikdə məktəbə apardılar. Sinif yoldaşları bu sarışın qızı mehriban qarşıladılar. Birinci dərs riyaziyyat idi. Şagirdlər məsələ həllinə başladılar. Müəllim Lemidən soruşdu:

 

- Bizim uşaqlara bir neçə sadə məsələ deyə bilərsənmi?

 

Lemi lövhənin qarşısına çıxdı:

 

- Avtomobil birinci saat 460 km, ikinci saat bundan 30 km artıq sürətlə getdi. Avtomobil iki saata nə qədər məsafə qət etdi?

 

Uşaqlar gülüşdülər:

 

- Bu, avtomobildir, yoxsa raket?

 

Bu məsələni həll etdikdən sonra Lemi ikinci məsələni söylədi:

 

Atanın 160, oğulun 120 yaşı var. 10 ildən sonra onların birlikdə neçə yaşı olacaq?

 

Uşaqlar bayaqkından daha möhkəm güldülər:

 

- Bu ata-balanı "Ginnesin rekordlar kitabı"na salmaq lazımdır.

 

Aysel yerindən qalxıb vəziyyəti düzəltməyə çalışdı:

 

- Lemi məsələni Azərbaycan dilinə çevirəndə rəqəmləri səhv salır. Yəqin atanın 60, oğulun 20 yaşı var.

 

Tənəffüsdə Aysel Lemini kənara çəkib bəzi məsləhətlər verdi.