Tarix boyu xalqımızın yaddaşında öz fədakarlığı, sosial xidmətləri, xeyriyyə işləri ilə dərin iz buraxmış çox şəxsiyyətlərimiz olmuşdur. Bunlardan kimisi maddi vəsaiti, kimisi sənətkarlıq qabiliyyəti, kimisi də, ümumiyyətlə, əlindən nə gəlirsə, onunla xalqa xidmət göstərməyə çalışmışdır. Belə şəxsiyyətlərdən biri babalarımızın “Tikmədim, özüm qalam, tikdim ki, izim qala” kəlamını həyatının şüarı etmiş millətin fədakar anası, 117 yaş yaşamış Nabat xanım Aşurbəylidir.
Nabat Aşurbəyli 1795-ci ildə Bakı şəhərində dünyaya gəlib.
Təzəpir məscidinin tikintisinin maraqlı tarixçəsi vardır. 1893-cü ildə Bakı camaatı şəhər quberniyasına müraciət edərək İçərişəhər qala divarının yanında, indiki Sabir bağının yerində məscid tikintisinə icazə verilməsini xahiş edir. Lakin ovaxtkı çar hökuməti Bakının bu baxımlı yerində möhtəşəm bir müsəlman abidəsinin ucaldılmasına icazə vermir məscidin o vaxt şəhərin kənarı sayılan Yuxarı Dağlı məhəlləsində tikilə biləcəyi bildirilir. Beləliklə, Yuxarı Dağlı məhəlləsində tikiləcək məscidin - Təzəpirin yeri müəyyənləşdirilir.
Layihəyə əsasən tikiləcək məscid Şərqin ən görkəmli dini abidələrindən biri olacaqdı. O, şəhərin hər yerindən görünməli, uca minarələri Bakı günəşinin parlaq şüaları altında bərq vurmalı idi. Lakin burada da imperiyanın iç üzü özünü göstərir. Hazırlanan layihə quberniya dini işlər idarəsi pravoslav ruhanilərinin fitvası ilə qəbul olunmur və memar Zivər bəyə ciddi xəbərdarlıq edilir ki: “Məscid yaxınlıqda yerləşən Aleksandr Nevski kilsəsindən hündür olmamalıdır”. Quberniya idarəsi minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir.
Bu xəbərdarlıqdan sonra Zivər bəy layihədə ciddi dəyişiklik etmək məcburiyyətində qalır və Təzəpirin indiki layihəsini hazırlayır. Uzun çətinlikdən sonra, nəhayət, 1905-ci il iyulun 3-də məscidin təməli qoyulur.
Deyilənə görə, Nabat xanım hər gün tikinti yerinə gələr, hər gəlişində də fəhlələrə pul, ərzaq paylatdırarmış.
H.Z.Tağıyev məscidin tikinti xərclərinin bir hissəsini öz üzərinə götürmək istəsə də, Nabat xanım Əgər məscid tikdirmək istəyirsinizsə, gedin özünüzə ayrı bir məscid tikdirin deyərək buna qəti etirazını bildirmişdir. Nabat xanım öz arzusunun sona yetdiyini görmədi və 1912-ci ildə vəfat etdi. Ölümündən sonra oğlu Hacı Abbas Qulu Rzayev bu işə rəhbərlik etdi. Tikinti 1914-cü ildə başa çatdı. Təzə Pir məscidinin girişinin qarşısında, sağ tərəfdə, bu məscidi inşa edən Nabat xanımın və oğlu Hacı Abbas Qulunun dəfn olunduğu bir qəbir var.

Nabat xanımın xeyriyyə işləri təkcə Təzəpir məscidinin inşası ilə məhdudlaşmır. Səxavəti və xeyirxahlığı ilə ad qazanmış bu böyük insan Şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul ayırmışdır. Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, ovaxtkı Tatar küçəsində (indiki A. Topçubaşov küçəsi) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıb və kimsəsizlər üçün pulsuz işləyərmiş. Nabat xanım həftənin cümə günləri öz evinin qapısını taybatay açar və bir ana qayğısı ilə kasıb camaatı qonaq edərmiş. Qonaq olan ehtiyac sahiblərinə təkcə yemək verməklə kifayətlənməz, gedərkən pul, yaxud da ərzaqla onlara yardım edərmiş. Bütün bu köməkliyi göstərərkən simasındakı təbəssümə xələl gətirməyən bu təvazökar xanım insanlara son dərəcə qayğı və mehribanlıqla yanaşarmış. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanılmayıb.
10.04.2026