
Bir dəfə Kəpənək meşədə uçarkən yağış yağmağa başladı. O, yağışdan gizlənmək üçün yer axtarırdı.
Birdən balaca bir göbələk gördü. Tez ona sarı uçdu və göbələyin papağı altında gizləndi.
Bu vaxt bir Siçan qaçıb gəldi. O dedi:
− İcazə ver, mən də göbələyin altına girim.
− Səni bura necə buraxım? Gör heç yer var?
− Lap kiçicik yer də mənə bəs edər.
− Yaxşı, gəl.
Göbələyin yanında Sərçə atılıb-düşməyə başladı.
Ağlaya-ağlaya dedi:
− Qanadlarım islanıb, uça bilmirəm. İcazə verin, mən də göbələyin altına girim, Yağışın kəsməsini gözləyim.
− Burda yer yoxdur axı...
− Nə olar, mənə də yer eləyin.
− Yaxşı. Sən də gəl.
Onlar bir az sıxlaşdılar. Sərçəyə də yer tapıldı.
Elə bu vaxt haradansa Dovşan qaçıb gəldi. Göbələyin yanında dayanıb dedi:
− Tülkü məni qovur. Yer verin, gizlənim.
Heyvanların Dovşana yazığı gəldi, onu da göbələyin altına buraxdılar.
Elə bu an Tülkü gəlib göbələyə çatdı.
− Dovşanı kim görüb? − Tülkü soruşdu.
− Biz görməmişik, − heyvanlar dedilər.

Tülkü quyruğunu bulayaraq qaçıb getdi.
Az sonra yağış dayandı. Günəş buludların arasından boylanıb gülümsədi.
Heyvanlar sevinə-sevinə göbələyin altından çıxdılar. Kəpənək isə fikrə getdi:
- Axı bu necə olur? Mən özümə göbələyin altında güclə yer tapmışdım. İndi isə göbələyin altından dörd heyvan çıxdı.
17.06.2026