Təbiət

Qonur ayı

Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növüdür. Onun elmi adı olan Ursus arctos latın və yunan dillərindəki "ayı" sözlərindən formalaşıb. Üç qitədə məskunlaşan bu canlı, şübhəsiz ki, dünyada ən geniş yayılmış ayı növüdür. Hazırda qonur ayı Rusiya, Kanada və Alyaskada rast gəlindiyi üçün daha çox şimal bölgələri ilə əlaqələndirilir. Lakin vaxtilə bu növün arealı cənuba doğru çox uzanırdı. XIX əsrin ortalarına qədər Şimali Afrikaya, ən azı XX əsrin 60-cı illərinə qədər isə mərkəzi Meksikaya qədər çatırdı. Hazırda həddindən artıq ovlanma, təbii yaşayış mühitinin məhv edilməsi və arealın ayrı-ayrı hissələrə bölünməsinə səbəb olan yol tikintiləri ucbatından qonur ayıların populyasiyası kəskin şəkildə azalıb. Bu növ o qədər rəngarəng və geniş yayılmışdı ki, vaxtilə onu onlarla yarımnövə bölürdülər (onların bir hissəsinin nəsli kəsilib), bəziləri isə hətta ayrıca növ sayılırdı. Lakin indi onların hamısı, o cümlədən Şimali Amerika qrizlisi, vahid bir növ altında birləşdirilib.

 

Qonur ayılar meşələrin artıq olmadığı 5000 metrədək yüksəkliklərdə yaşaya bilirlər ki, bu da qara və himalay ayıları üçün xarakterik deyil. Bu növlər kimi, qonur ayı da əsasən giləmeyvə və qoz-fındıqla qidalanır. Əzələli bədəni və nəhəng pəncələri sayəsində o, xırda məməliləri, həşəratları və bitkilərin yeraltı hissələrini qazıb çıxarmağa daha yaxşı uyğunlaşıb. Güclü çənə əzələləri də qonur ayının lifli qidaları daha asan parçalamasına və nəticədə bitki mənşəli yemlərdən ibarət pəhrizlə sağ qalmasına imkan verir. Bəzi bölgələrdə qonur ayılar böyük həşərat qrupları tapdıqda və ya qızılbalığın kürüləmə dövründə sahilə çıxdıqda özlərinə əsl ziyafət təşkil edirlər, digər yerlərdə isə iri dırnaqlı heyvanları ovlayır və ya leş yeyirlər. Bəzən onlar dırnaqlı heyvanların balalarını öldürərək onların sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırırlar.

 

Qonur ayının bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. O, uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır. Bu yeməyin qarışıq olmasıyla əlaqədardır. Burnu yaxşı inkişaf etmiş iybilmə selikli qişaya malikdir. Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika demək olar ki, yoxdur.

 

Ayı qızılbalıqla qidalanır, Şimali Amerikanın şimal-qərb sahillərində kürüləmək üçün axına qarşı üzən Sakit okean qızılbalığı qonur ayıların qidalanmasının mühüm tərkib hissəsidir. Ayılar bu asan tapılan ovla elə doyurlar ki, tutduqları balıqdan yalnız bir tikə qopardıb, qalanını atır və növbətini tuturlar. Qonur ayılar qara ayılardan daha iridir və daha geniş ərazilərə sahibdirlər: materikdə bu sahələr erkəklərdə 200–2000 kv. km, dişilərdə isə 100–1000 kv. km təşkil edir. Qara ayıların yaşayış sahələri isə erkəklərdə 20–500 kv. km, dişilərdə isə 8–80 kv. km-dir.
 
 
Yaponiyanın ən böyük adası olan Xonsuda nəsli kəsilmiş qonur ayıların qalıqları tapılır; onlar, çox güman ki, Koreyadan gələn himalay ayıları tərəfindən sıxışdırılıb çıxarılıblar. Hokkaydoda isə hələ də qonur ayılara rast gəlinir və orada himalay ayıları yoxdur. Qonur ayıların davranışı bütün şimal ayı növləri üçün ümumi olan xüsusiyyətlərə malikdir. Onlar itkimilərdən törədikləri və otyeyənliyə doğru təkamül etdikləri üçün qış fəslində qida çatışmazlığı problemi ilə üzləşiblər. Təbiətin bu problemə tapdığı "həll yollarından" biri onların bəzi gəmiricilər və yarasalar kimi qış yuxusuna getmək qabiliyyəti olub. Qış yuxusuna gedən heyvan bədən temperaturunun əhəmiyyətli dərəcədə (bəzən sıfıra yaxın) aşağı düşməsi hesabına böyük miqdarda enerjiyə qənaət edir. Yuvaya (mağaraya) çəkilən ayıların bədən temperaturu cəmi bir neçə dərəcə (38°C-dən 34°C-dək) düşür, lakin onlarda ürək döyüntülərinin və nəfəs almanın tezliyi nəzərəçarpacaq dərəcədə azalır.
 
 
Tropiklərdə yaşayan və ilboyu qida ilə təmin olunan ayıların qış yuxusuna ehtiyacı olmasa da, onların da dişiləri balalarını inkişafın çox erkən mərhələsində dünyaya gətirirlər. Dişilər balaları ilə birlikdə sığınacaqda qalır və bir neçə həftə, yaxud bir neçə ay ərzində ac qalırlar, lakin onların şimal növləri kimi qış yuxusuna gedib-getmədiyi məlum deyil.Qonur ayılar insanlarla sıx, çox vaxt isə təhlükələrlə dolu zəngin ünsiyyət təcrübəsinə malikdirlər, lakin onlar heç vaxt əhliləşdirilməyiblər. Adətən insanla təmasdan qaçan dinc bir heyvan olan qrizli ayısı, ev heyvanlarına hücum edən aqressiv bir yırtıcı reputasiyası qazanmışdır. Onun Böyük Düzənliklər və Qayalı dağlardakı yaşayış məskənləri insanlar tərəfindən müstəmləkəyə çevrilmişdi: XIX əsrdə burada fermer rançoları salınmağa, yollar çəkilməyə başlandı. Cəmi bir neçə onillik ərzində təxminən 50 000 heyvandan ibarət olan qrizli populyasiyası 10 dəfə azaldı. Hazırda qrizli ayılarının insanlara xəsarət yetirməsi və onları öldürməsi ilə bağlı tək-tük hallar qeydə alınır, lakin yeni ərazilər mənimsənildikcə problem potensial olaraq ciddi qalmaqdadır. Şimali Amerikanın qərbindəki milli parklarda, kempinqlərin yerləşdiyi sahələrdə ayıların qida tullantıları tapa bilməməsi üçün ciddi tədbirlər görülüb. Ayılardan qorunan qida konteynerlərinin, zibillərin yığılması və yandırılması üçün xüsusi qurğuların mövcudluğu – heyvanları cəlb edən əlçatan qidaların miqdarını azaltmaq üçün görülən tədbirlər məcmusudur.
 
 
Ayıların aşağı çoxalma sürətinə görə kiçik populyasiyaların bərpası çətinləşir, hərçənd bu sürət müxtəlif coğrafi bölgələrdə fərqlənir və qidanın bolluğundan asılıdır. Dişi ayılar ilk balalarını 5-10 yaşlarında dünyaya gətirirlər, uğurlu çoxalma prosesləri arasındakı interval isə 2 ildən 5 ilədək dəyişir. Bir nəsildə 1–4 arası ayı balası ola bilər, lakin daha çox əkizlər doğulur. Dişilər adətən may-iyul aylarında cütləşirlər və təxminən 20 yaşınadək çoxalma qabiliyyətinə malik olurlar. Hər bir ayının böyük bir ərazidən istifadə etməsi, onların yeganə düşməni olan insanla münaqişəsini daha da kəskinləşdirir. 
 
Azərbaycandakı ayı populyasiyasının sayına qonşu ölkələrdəki populyasiyaların təsiri böyükdür. Ayının Azərbaycanda əsas arealı olan Böyük Qafqazda fəsillərdən asılı olaraq Şimali Qafqazdan gəlmiş və ya ərazini tərk etmiş fərdlər ümumi saya kəskin təsir edir. 
 
İUCN siyahısına salınmışdır. Növün müasir arealı çərçivəsində yaşayış yerləri Zaqatala, İlisu, Türyançay dövlət təbiət qoruqları, Şahdağ, Altıağac, Hirkan, Ordubad, Göy-göl milli parkları, Zuvand, Ordubad, Arpaçay, Zaqatala, Qax, Şəki, Qızılca yasaqlıqlarında mühafizə olunur. Mövcud XMOTƏ-lərin mühafizə rejimini, texniki təchizatını və infrastrukturunu gücləndirmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.