Şeirlər

Zəlimxan Yaqub. Vətən

Bir ömür bəs etməz səni duymağa,
Yüz ömür, min ömür az olar, Vətən.
Yenə baş əyərik gözəlliyinə,
Yenə gül açılar, yaz olar, Vətən.

 

Hər gün can atıram sənə çatmağa,
Hələ uzaqdayam, həsrətdəyəm mən.
Adını çəkməyə dilim də gəlmir,
Bu adı batmışda, qürbətdəyəm mən.

 

Nə var bu dünyada səndən vəfalı,
Səndən nə şirindi, şirin, ay Vətən.
Gözlərim həmişə qulluğundadır,
Gözümün üstədir yerin, ay Vətən.

 

Sənin qüdrətindən mayalanıbdı
Dözümüm, inadım, səbrim, ay Vətən.
Nəyimə lazımdı yad ellər mənim,
Qoynunda qazılsın qəbrim, ay Vətən.

 

Sən rəngi solmayan, ətri getməyən,
Gülü saralmayan çəmənsən, Vətən.
Füzuli sevdiyi, Sabir sevdiyi,
Vurğun vəsf etdiyi Vətənsən, Vətən!