Şeirlər

Rəsul Rza. Mən baharı duyuram

Hər yan qardır;
Meşə, budaqlar, yollar,
evlərin üstü.
Bacadan burula-burula qalxır
təzə qar kimi ağappaq tüstü.
Şaxta hərdən dəcəlləşir;
qulağımı dişləyir.
Paltomun qoluna girir,
yaxamla əlləşir.
Ancaq elə bil, hardasa, nəsə,
Bahar gəzir qışla nəfəs-nəfəsə.

 


Bəlkə şaxtanın
bir neçə saat sürən şiddəti,
bəlkə qarların azalmış bərəkəti,
bəlkə günəşin
gündən-günə mehribanlaşan hərarəti
Həm sevinc, həm kədər verir.
Yazı gələn,
qışı gedən xəbər verir.
Bəlkə səbəb təqvimdir.
Bayaq qopardım
Mart yazılı varağı.
Bəlkə günortalar
sırsıralardan damcı-damcı tökülən
Bahar özüdür;
qar yorğanı deşib
axtarır həsrət qaldığı torpağı;
-Gəlirəm mən, mən, - deyə, -
Xəbər olsun qoynunda mürgüləyən
ota, çiçəyə.
Nigaranam mən səndən, - deyə.

 


Bəlkə
könlümə sevinc pıçıldayan
bugünkü məktub,
mənə "bahar", "bahar" deyir ki,
qarı meydan-meydan,
şaxtası xəncər
qışı unudub,
deyəm: - Bahar yaxındır!
Bahar,
yolu bir neçə gecə-gündüz
çöllərdə, meşələrdədir.
Bəlkə də, ona görə ki,
bilirəm,
anamın doğma elində,
Araz, Kür sahilində,
indi qışın arxası yerdədir.
Odur ki,
qəlbimdə bahar sevdası,
bahar nəfəsi,
xatirimdə ala-çalpovun
mülayim küləyi,
dilimdə Novruz nəğməsi
axın-axındır.
Şaxta neyləyəcək mənə!
Bahar yaxındır!
Bahar yaxındır!