Tofiq Mahmud. Körfəzdə
Körpüdən keçib
Körfəzə endim,
Balaca, gözəl
Qayığa mindim.
Sürdüm qayığı
Adaya sarı,
Qayıq astadan
Böldü suları.
Sakitdir sular,
Gözəldir körfəz.
Bu gözəlliyi,
Gəzməyən görməz!
Yamyaşıl sular
Bir şüşə kimi,
Sıx-sıx qamışlar
Bir meşə kimi.
Yuvalara bax,
Papağa bənzər,
Eləsi var ki,
Yumağa bənzər.
Sakitcə üzür
Bir dəstə ağ qaz,
Sürdüyüm qayıq
Onlara çatmaz.
Bərk sürdüm, ancaq
Yolu itirdim,
Qamışlığın lap
İçinə girdim.
Hürküb qayıqdan,
Qorxub qayıqdan
Uçdular quşlar.
Bu qamışlıqdan,
Sərin, xoş hava
Gətirir sular,
Ağ – ağ çiçəklər
Bitirir sular.
Qalxıb necə də
Otlar boy atır,
Suların üstə
Çəmən yaradır.
Qağayılardır
Səs salıb uçan,
Qanadlarını
Sularda açan.
Körfəz boyunca
Nə qədər quş var!
Baxıb onlara
Çəkirəm avar.
Sürdüm qayığı
Dənizə sarı,
Gördüm uzaqdan
Balıqçıları.
Bütün quşların
Məskəni körfəz,
Heç unutmaram
Mən səni, körfəz,
Gözəlliyini
Gəzməyən görməz!