Məmməd Rahim. Balaca bağbanlar
Ağaclar dirçələndə,
Quşlar qonaq gələndə,
Bəzənəndə dağ, dərə,
Baxıb gözəl düzlərə
Bizim sadə uşaqlar,
Sevimlilər,qoçaqlar-
Dırmanıb dağ döşünə,
Sevinərək çıxdılar
Baharın görüşünə.
Zəfər dedi:
-Uşaqlar,
Çiçəklənir göy bağlar.
Gəlin haqq-hesab verək
Kim neyləmişdir görək.
Həvəslə dedi Bəhram:
-Mən ancaq kağız badam,
Bir də hulu əkmişəm.
Dedi Qulu:
-Əkmişəm
Heyva ağacı mən də.
Sizi qonaq edərəm,
Ağacım bar verəndə.
Üzü gülər, könlü şad
Fərəhlə dedi Polad:
- Ərik yaxşı bəhrədir,
Tumu şirin, şəkərdir.
Püstənin tayı olmaz,
Barının sayı olmaz.
Yeməyə bəhərindən
Onları əkmişəm mən.
Tutu – o əlaçı qız
Dedi ki, mən də yalnız
Alma, armud əkmişəm.
Hamı söylədi bir-bir:
-Nə ağacı əkibdi
Şirindilli Firəngiz?
Sual etdi Zərəngiz:
-Bir mənə de, a bacı,
Ancaq meyvə ağacı
Əkir nədir uşaqlar?
Güllərin də ətri var
Bəs qızılgül, qərənfil,
Süsənbər lazım deyil?
Hey ağacından deyirlər,
Nədən gül əkməyirlər ?
Kənardan sakit baxan
Bir kamil qoca bağban
Dedi:- Əziz balalar ,
Hər bitkinin yeri var.
Şam ağacı qış və yaz
Yaşıl paltarsız olmaz.
Gözəldir alma, nar da,
Qızılgül də, çinar da.
Çalışın, zəhmət çəkin,
Ağac da, gül də əkin!
Uşaqları bağbanın
Razı saldı sözləri;
Şəfəq saçdı gözləri.
Çox şad gözdən itdilər;
Gülə-gülə baharın
Qarşısına getdilər.