Şeirlər

Bəxtiyar Vahabzadə. Gülüstan

Atıb imzasını hər kəs varağa,
Əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla təsbehli ağa
Qalxıb əl də verir biri-birinə.

 

Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Tərəflər qol çəkdi müqaviləyə.

 

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
“Gülüstan” bağlandı o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

 

Hökmü gör nə qədər böyükmüş anın,
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

 

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

 

“Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim, ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı”.