Səməd Vurğun. Azərbaycan
Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu,yarı.
El bilir ki sən mənimsən
Yurdum yuvam məskənimsən
Anam,doğma vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan,Aərbaycan!
Dağlarının başı qardır
Ağ örpəyin buludlardır
Böyük bir keçmişin vardır
Bilinməyir yaşın sənin
Nələr çəkmiş başın sənin.
Bir tərəfin bəhri Xəzər
Yaşılbaş sonalar gəzər
Xəyalım dolanar gəzər
Gah muğanı gah eldarı
Mənzil uzaq ömür yarı.
Lənkəranın gülü rəng rəng
Yurdumuzun qızlarıtək
Dəmlə çayı tök ver görək,
Anamın dilbər gəlini
Yadlara açma əlini.
Min Qazaxda köhlən ata
Yalmanına yata yata
At qan tərə bata bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan göy gölə bax.
Könlüm keçir Q a r a b a ğ d a n
Gah bu dağdan, gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın xanın səsi
Q a r a b a ğ ı n şikəstəsi...
Gözəl vətən! Mənan dərin
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin
Sən günəşin qucağısan
Şeir sənət ocağısan.
Bir dön bizim Bakıya bax
Sahilləri çıraq çıraq
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə
İşıqlanır hər dağ dərə.
Nazlandıqca sərin külək
Sahillərə sinə gərək
Bizim Bakı, bizim ürək
İşıqdadır qüvvət sözü
Səhərlərin ülkər gözü.
Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın...yarandım mən
Gülür torpaq gülür insan
Qoca şərqin qapısısan.
Dinlə məni,gözəl vətən!
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman,
Azərbaycan,Azərbaycan!!!