Əşrəf Veysəlli. Əsgər atasının məktubu
Gözüm yığışmayıb yollardan hələ,
Əllərim uzanıb Vətənə sarı.
Bütün əsgərlərə, komandirlərə
Oxu bu məktubda yazılanları.
Tez-tez evdən ötrü qəlbi darıxan
Təzə əsgərlərin önündə oxu.
Yuvası dağılan, yurdu dağılan
Əsgər atasının məktubudur bu.
Ürəyim çırpınmaz, nəbzim döyünməz
Mənim sizin kimi arxam olmasa.
Kiçik bir zəfər də üzümə gülməz
Böyük qələbəyə inam olmasa!
İnamla danışıb dinsin hər əsgər,
Yurdumuz bürünsün toy libasına.
Əsgər paltarını geyinməyənlər
Çox da tələsməsin bəy libasına.
Ölmərəm, gözlərəm o günü, qardaş-
Bayrağım Şuşaya sancılan günü.
Bu bağlı yolların düyünü, qardaş,
Atəş xətlərində açılan günü.
Sözüm isitməsə soyuq səngəri,
Könlüm perik düşər öz yuvasından.
Vətəni işğalda olan əsgərin
Marşı gözəl olar bəy havasından.
Bu vətən eşqinə, bu yurd eşqinə,
Qələbə çalmağı öyrət oğluma.
Şahin tək şığıyıb düşmən üstünə
İntiqam almağı öyrət oğluma.
Sevməyi də öyrət əsgər balama,
Yurd üçün canından keçər sevənlər.
Zirvədə bir şahin göstər balama
Görsün ki, vətəni necə sevərlər.
Ona səxavəti mən öyrətmişəm,
Əzmi, cəsarəti sən öyrədərsən.
Dosta sədaqəti mən öyrətmişəm,
Düşmənə nifrəti sən öyrədərsən!