Şeirlər

Rafiq Yusifoğlu. "Gələn bahara kimi"

Dimdiyində çöp tutub,

Havada uçurdu quş.

Bir yarpaqsız ağaca

Qonub yuva qurdu quş.

Ağac yaman kövrəldi,

Qüvvət duydu dizində.

Yaş tumurcuq-tumurcuq

Gilələndi gözündə.

Sevindi, sevincindən

Ürəyi dağa döndü.

Açıldı tumurcuqlar

Yaşıl yarpağa döndü.

O yarpaqlar yuvanı

Gözdən iraq saxladı.

Aradan xeyli keçdi,

Yuva da yarpaqladı.

Yazıq ağac az qala

Sevincindən uçurdu.

Yumurta qönçələrdən

Qanad yarpaq açıldı.

Bir azdan körpə quşlar

Qanadlanıb uçdular.

Yarpaqlar da onların

Arxasınca düşdülər.

Yuva ilə ağacın

Matı-qutu qurudu.

Dərdli-dərdli hönkürdü

Kövrək payız buludu.

Ağac dinmək istədi,

Yuva dinmək istədi.

Peşman olan yarpaqlar

Geri dönmək istədi.

Ancaq bunlar əbəsdi,

Payız küləyi əsdi.

Yarpaqların budağa,

Qanadların yuvaya

Dönən yolunu kəsdi.

O ağacla o yuva

Mat qalıbdır gör necə?! -

Gələn bahara kimi

Susacaqlar beləcə…