Görkəmli şəxsiyyətlər

Cüzeppe Verdi (1813-1901)

Bir dəfə Milan Konservatoriyasının direktoru Baziliyə zahiri görünüşündən  sadə kəndliyə oxşayan cavan oğlan yaxınlaşıb dedi ki, əslən əyalət şəhərciyi Bussetenin yaxınlığındakı Ronkole deyilən yerdəndir. Atası traktir sahibidir, özü isə musiqiçidir və musiqi təhsili almaq istərdi. Gəncin görkəmi direktorun  üz-gözünü turşutsa da, onu  dinləməyə razılıq verir.
 
Bazili ”Konservatoriya barədə xəyallarından əl çək”, - deyə öz hökmünü verir. Əyalətdən gəlmiş gəncin geri qayıtmaqdan başqa çarəsi qalmır. Bu hadisə 1832-ci ildə baş verib. 
 
Aradan on illər keçir və Milan Konservatoriyası böyük çətinliklə bussetolu traktir sahibinin oğlunun adını daşımaq şərəfinə nail olur. Bu ad Cüzeppe Verdi idi.
 
Cüzeppe şöhrətpərəst və məqsədyönlü olmasaydı, taleyinə möhkəm inanmasaydı, dünya, yəqin ki, çox böyük opera bəstəkarından məhrum olardı.  Bazilinin sərt  hökmündən sonra C.Verdi evə qayıtmır, Milanda qalıb  La Skala teatrının  direktoru Lavinidən  özəl dərslər almağa başlayır, elə ilk əsərlərini də onun rəhbərliyi altında yazır. Lakin bu əsərlərin heç biri uğur qazanmır, yalnız 1838-ci ildə La Skalanın səhnəsində  C. Verdinin “Oberto, qraf San-Bonifaço”  operasının  uğurlu debütü olur.   
 
Teatrın müdiriyyəti gənc bəstəkar ilə son dərəcə ağır şərtləri olan müqavilə imzalayır. Müqaviləyə görə,  bəstəkar ildə üç opera yazmalı idi. Amma onun “Yalançı Stanislav” adlı elə ilk operası müvəffəqiyyətsizliyə uğrayır.  Komik səhnə əsəri kimi düşünülən operada güldürən, ovqatı yüksəldən heç nə yox idi. Operanı yazarkən Verdinin ailə faciəsi ilə üzləşməsi,  arvadını, oğlunu və qızını, demək olar, eyni vaxtda  itirməsi isə heç kəsi maraqlandırmırdı. 
 
1842-ci ildə bəstəkar ilk zəfərini qazanır. Onun “Navuxodonosor” operası böyük müvəffəqiyyətlə səhnələşdirilir, lakin bu, qısamüddətli uğur olur. Bəstəkar uzun illər ərzində unudulur. Amma yorulmadan işləyir, ildə bir, bəlkə də iki opera yazır, lakin onların heç biri əks-səda yaratmır. C.Verdi haqqında Avropa bəstəkarı kimi yalnız 1851-ci ildə danışmağa başlayırlar. Onun “Riqoletto” operası  səhnələşdirilir.  Qızını oğurlayan qəddar sahibinə - hersoqa amansız hökm çıxaran təlxəyin faciəli həyatı heç kəsi biganə qoymur. Həmin operanın melodiyalarını hər yerdə oxumağa başlayırlar.  İndinin özündə məşhur “Gözəlin ürəyi” ariyasını tanımayan adam çətin tapılar. 
 
1853-cü ildə “Trubadur” operası bütün Avropaya zəfər yürüşü etdi.  Venesiyada  “Traviata”  səhnələşdirildi.  Verdi bu operanın süjetini  oğul Aleksandr Dümanın “Kameliyalı qadın”  romanından götürmüşdü.  İnanılası deyil, amma bu dünya şöhrətli opera  əvvəlcə tamaşaçıların xoşuna gəlmir.  Məsələ bundadır ki, Verdi riskə gedib operada öz müasirlərini göstərmək,  uzaq və mifik zamanlarda baş vermiş  hadisələri müasir dövrə uyğunlaşdırmaq istəmişdi.  Tamaşaçılar aktyorları  öz kostyumlarında görməyə, dekorasiyalarda evlərindəki avadanlığı tanımağa, nəhayət,  kübar cavanla  onun mühitindən olmayan qadın arasında addımbaşı təsadüf olunan faciəli məhəbbət macərasına acımağa hazır deyildilər. 
 
Tamaşaçılar operanın novatorluğunu qəbul edənə qədər bir il vaxt keçir və o vaxtdan etibarən bu səhnə əsəri dünyanın bütün opera səhnələrində zəfərlə addımlayır. 
 
Bundan sonra C.Verdi  Avropa bəstəkarı adını təsdiq etməyə davam edir, onun operaları  bir çox paytaxt teatrlarında gedir.  1858-ci ildə Romanın “Apollo” teatrının səhnəsində  “Bal-maskarad”, 1862-ci ildə Peterburqda “Taleyin gücü”, 1867-ci ildə  Parisdə “Don Karlos”  operaları səhnələşdirilir.
 
Misir xedivi İsmayıl paşanın sifarişi ilə Süveyş kanalının açılışı münasibətilə yazılmış  “Aida” operası böyük səy-küy qoparır. Opera İtaliyanın bütün səhnələrini dolaşır,  1872-ci ildə Milanda premyerası olanda  müəllifi gurultulu alqışlarla qarşılayırlar və o, otuz dəfədən çox səhnəyə çıxır. 
 
“Aida” C.Verdinin iyirmi dördüncü operasıdır, bəstəkar cəmi iyirmi altı opera yazıb. Özü də axırıncı iki operanı 16 il sürən sakitlikdən sonra yaradıb. Maestronu onu alqışlayan Milandan uzaqlaşıb Sant-Aqata malikanəsində tənha yaşamağa, sadə kəndli həyatı sürməyə nə vadar etdiyini demək çətindir. Dünya şöhrətli bəstəkar saatlarla tarlada işləyir, artezian quyuları qazır, məhsul toplayırdı.
 
Yalnız 80 yaşına qədəm qoyanda, artıq heç kəs ondan heç nə gözləməyəndə bəstəkar möhtəşəm “Otello” və “Falstaf” operalarını tamaşaçıların mühakiməsinə verir. Bu səhnə əsərləri müəllifin  dərin tənha düşüncələrinin bəhrəsi idi. C.Verdinin son operalarının fəlsəfi dərinliyi, məna yükü və gerçəkliyi  onları dünya opera sənətinin zirvəsinə yüksəldir. 
 
Bu maraqlıdır: 
 
Bir gün artıq bütün dünyada şöhrət qazanmış C.Verdinin yanına hələ təzəcə addımlar atan 18 yaşlı bəstəkar gəlir və dahiliyinə zərrə qədər şübhə etmədən uzun-uzadı vəcdlə musiqisindən danışmağa başlayır. Verdi gənci diqqətlə dinləyir və təbəssümlə deyir: 
 
- Sizin yaşınızda mən də özümü böyük musiqiçi sayırdım və həmişə deyirdim: “Mən”. İyirmi beş yaşında artıq “Mən və Mosart”, qırx yaşında isə “Mosart və mən” deyirdim. İndi isə sadəcə “Mosart” deyirəm.