Bəxtiyar Vahabzadə. “Ağ saçlar”
Əzəmətli bir binanın qarşısından hər keçəndə
Dayanıram... Gizli bir hal doğur məndə.
Bu binanın duruşunda nə hikmət var!
Çoxdur onun qarşısında məntək ayaq saxlayanlar...
O, məktəbdir. O, anadır, o, şüurlar çırağıdır,
Dünyaları dəyişdirən pak əməllər ocağıdır.
Hər daşında, kərpicində mənim min bir xatirəm var,
Bunu ancaq duya bilər bu hiss ilə yaşayanlar.
Bayaqdandır heykəl kimi dayanmışam öz yerimdə,
O qayğısız uşaqlığım gəlib durur gözlərimdə.
Bir zamanlar oxuduğum sinfə baxır, baxıram mən,
Xatirələr baş qaldırır ürəyimdə...
Ah, bu sinif! Mənim kimi neçəsinə həmdəm olmuş,
Hər bucağı yadımdadır, kim deyir ki, unudulmuş?!
O lövhənin qarşısında dayanaraq aram-aram
Azmı əzbər şeir deyib öz-özümdən xoşlanmağım?!
«Ay havada uçan durna, bizi qoyub qaçan durna...»
İndi belə, bir ayrılıq məqamında inləyərək
Cingildəyir qulağımda bu misralar musiqitək...
Kimsə bu dəm boylanaraq baxır açıq pəncərədən,
Tanıyıram onu, dostlar, o ağsaçlı qadını mən.
Baxıb məchul bir nöqtəyə xəyalamı o dalmışdır?
Ah, o mənim müəllimim, nə qədər də qocalmışdır!
O ki onda cavan idi. Lakin yenə o cavanlıq
İtməmişdir. Gəlin, dostlar, biz düşünək bircə anlıq
Onun əziz cavanlığı yoxdursa da bu gün onda
O yaşayır mənim kimi yüz cavanın kamalında.
Mən qanadsız bir quş idim, açdı mənim qanadımı,
Yazmağı da o öyrətdi mənə, dostlar, öz adımı.
Ona «bir az dincəl» deyə yanaşanda, unutmaram,
O, həmişə bu sözləri pıçıldardı aram-aram:
«Hər bağbanın öz əkdiyi ağacından yediyi bar
Ona bütün zəhmətinin acısını unutdurar».
O ağarmış saçlardaki qüdsiyyətin mənası var,
O yazdıqca əlindəki təbaşirdən qopan tozlar
Ağartmışdır saçlarım... Sanki onlar qarlı qışdır...
Xeyr, mənim ağ günümçün onun saçı ağarmışdır.
Bu haqq işə getmiş onun ömrünün də cavan çağı,
Şərəflidir el yolunda qara saçın ağarmağı!