Musa Yaqub. “Qırqovulam, təkəm mən...”
Əvvəl belə deyildi
Bu örüşlər, talalar.
Bizim idi bu torpaq,
Bizim idi bu gülzar.
Düzlərin ən ətirli
Çiçəyi bizim idi.
Yaşıl biçənəklərin
Göyçəyi bizim idi.
Laylamızı çalardı
Yarpaqlar axşam-səhər.
... Suyumuz şeh damcısı,
Dənimiz gül toxumu.
... Meşə ətəkləriylə
Dəstə tutub qaçardıq.
Allah, Allah, o vaxtlar
Nə arxayın uçardıq.
Bəs kimə neylədik ki,
Özümüzdən inciyib,
Səsimizdən bezdilər?
Axır bizi susdurub,
Nəğməmizi kəsdilər.
Dəvəquşular kimi
Qaçmağıımız var idi,
İndi qaçmağımız yox.
Havalanıb qəfildən
Uçmağımız var idi,
Indi uçmağımız yox.
Necə ola bilər ki,
Budağın ola-ola,
Budaq sənin olmasın,
Ovlağın ola-ola,
Ovlaq sənin olmasın;
Böyük dərddir, eləmi?!
Axı niyə bu dərdi
Gizli-gizli çəkim mən?!*
Oxuyum ki, yalqızam,
Qırqovulam, təkəm mən.
Belə qəmli oxusam,
Mənə baxan olarmı?
Görəsən, quş dərdinə
Şərik çıxan olarmı?...