Nağıllar, hekayələr

Gülzar İbrahimova. Dəcəl Keçəl

Biri var idi, biri yox idi, bir dəcəl oğlan var idi. Dəcəl oğlan baba-nənəsini çox istəyir, onlarla qalırdı. Onun Məstan adlı balaca pişik dostu var idi.Dəcəl oğlan bütün günü toyuqları qovur, keçilərin buynuzunu dartır, dama çıxıb ordan ot tayasının üstünə tullanır, bir sözlə, sakit dayanmırdı.Baba-nənə onu «dəcəl» deyə çağırırdı. Bir gün babası Dəcəlin başını təmiz qırxdırdı. Ondan sonra hamı oğlanı «Dəcəl keçəl» çağırdı. Dəcəl keçəlin bir sapandı (raqadkası) vardı. Onu üstündə gəzdirər, kim onu incitsəydi, nədən xoşu gəlməsəydi, nişan alıb vurardı. Bir gün baba samovarı alışdırmaq üçün meşəyə çör-çöp yığmağa gedirdi. Dəcəl keçəl dedi:


- Baba, mən çör-çöp yığıb gətirərəm.
Meşə yaxın idi deyə, baba razılaşdı:
- Get, amma tez gəl. Dəcəl keçəl getdi meşəyə çör-çöp yığsın. Təzəcə başlamışdı ki, bir ayının ona tərəf gəldiyini gördü. Ayı bildi ki, yaxına gedib oğlanı yemək istəsə, qışqırıb, ovçuları köməyə çağıracaq. Hiyləyə əl atıb, Dəcəl keçəli aldatmaq istədi: - Acından ölürəm, ağaca çıxsam, ağacın budağı sınar, mənə də armud dər, yeyim. - Yaxşı, - deyən Dəcəl keçəl Ayının qorxusundan bir az da yuxarı dırmaşdı. Ayı bərk bir nərə çəkib, armud ağacını möhkəm silkələdi. Bütün armudlar yerə töküldü, Dəcəl keçəl də armud qarışıq. Ayı Dəcəli yerə düşməyə qoymayıb, onu havadaca uddu. Dəcəl Keçəl bircə ağız «baba», deyə qışqıra bildi. Baba eşitdi ki, nəvəsi onu çağırır, tez durub meşəyə qaçdı. Uzaqdan çör-çöp torbasını, yanında Dəcəl keçəlin sapandını görəndə hər şey ona məlum oldu.

Ayının yaxasından tutub qışqırdı:


- Hanı mənim nəvəm?
Ayı günahsız görkəm alıb dedi:
- Gəldim armud yeməyə.
Armud ağacını bərkdən çırpıb ağzımı da açdım ki, armudlar ağzıma düşsün. Sən demə, sənin nəvən də ağacdaymış. Düşdü ağzıma, bilmədim, onu da uddum, bağışla! Baba çomağını qaldırdı ki, Ayını vursun, Ayı onu da uddu. Baba bircə dəfə qışqırıb «nənə», çağıra bildi. Nənə həyətdə samovar yandırırdı. Babanın səsini eşidəndə əlində maşa meşəyə qaçdı. Ayını görüb soruşdu: - Ayı, sən bizim Dəcəl Keçəli, qoca babanı görməmisən ki? Ayı babaya danışdığı kimi hər şeyi nənəyə də danışdı. Nənə maşanı qaldırdı ki, Ayını vursun, Ayı nənəni də uddu. Nənə bircə macal tapıb «ovçu» deyə qışqıra bildi.
Ovçu eşitdi ki, kimsə onu çağırır, səs gələn tərəfə qaçdı.Çatıb gördü yerdə bir sapand, bir çomaq və bir maşa var. Hər şey ona aydın oldu. Ayıdan soruşdu:


- Bunlar kimindir?
Ayı hər şeyi ovçuya danışdı. Ovçu silahını qaldırıb qışqırdı:
- Pəncələr yuxarı! Ayı pəncələrini qaldırdı. Ovçu atəş açmaq istədi. Sən demə, tüfəngin gülləsi yox imiş. Ayı ovçunun üstünə cumdu, pəncəsini qaldırıb onun başından elə vurdu ki, ovçu ayını dörd gördü. Ayı onu da uddu. Balaca Məstan pişik dostu Dəcəl keçəli axtaranda Ayıya rast gəldi. Ayının qarnı elə şişmişdi ki, yerindən tərpənə bilmirdi. Məstan Pişik dostu Keçəl dəcəlin sapandını ayının  yanında görəndə hər şey ona məlum oldu. Onun üstünə qışqırıb soruşdu:


- Keçəl Dəcəli görməmisən?
Ayı dedi:
- Görmüşəm də, yemişəm də!
Məstan Pişik bərkdən miyoldadı:


- Bu saat sənin dərsini verərəm! Məstan pişik ayıdan qorxsa da, dostu - Dəcəl keçəlin yolunda qəhrəmanlıq eləmək istədi. Sapandı götürüb arasına daş qoydu. Sonra Ayının gözlərini nişan aldı. Amma bütün bunları elə gec elədi ki, Ayı onu da sapand qarışıq uddu. Vay, vay... Məstan pişik Ayının qarnına düşən kimi Dəcəl keçəl sapandı götürüb var gücü ilə dartdı. Sapanddan çıxan daş Ayının qarnına elə dəydi ki, Ayının qarnı partladı. Dəcəl Keçəl, Baba, Nənə, Ovçu və Məstan pişik onun qarnından çıxdılar. Canları acgöz Ayıdan qurtardı. Nağılımız elə burdaca qurtardı. Göydən bir armud düz Keçəlin başına düşdü. Keçəlin başından tük çıxdı. O yenə oldu yaraşıqlı oğlan. Amma hamı onu yenə də Dəcəl keçəl çağırırdı.