
20.11.2013. Noyabrın 20-si Dünya Uşaq Günüdür. Hələ 1954-cü ildə BMT Baş Məclisinin qətnaməsində bütün ölkələrə münasib bir tarixdə Dünya Uşaq Gününü qeyd etmək təklif olunmuşdu. 1956-cı il noyabrın 20-də Uşaq Hüquqları Deklarasiyası, 1989-cu ilin həmin günü isə Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdi.
Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Burada əksini tapan hüquqları 4 geniş kateqoriyaya – inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqlarına bölmək olar.
Azərbaycan bu Konvensiyaya qoşulan ilk dövlətlərdəndir. Bu gün ölkəmizdə uşaq hüquqları yüksək səviyyədə təmin olunur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqət yetirir.
Hazırda ölkəmizdə uşaq problemləri ilə bağlı 30-dan artıq Dövlət Proqramı həyata keçirilir. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
20.11.2013