
Noyabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşasının premyerası olub. İki hissəli nağıl-tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadədir.
Rolları əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev və başqaları oynayıblar.
Şahzadə olduğuna görə heç kəslə oynamasına icazə verilməyən və özünü tənha hiss edən Rəmziyyə öz təkliyini yalnız yuxuda olarkən unudur. Hər gün röyalarında danışan gəlinciklər görən və özünü çox xoşbəxt hiss edən qızcığaz valideynlərindən ona danışan gəlincik almağı tələb edir. Əlacsız qalan valideynlər dayə və vəzirin çıxış yolu kimi görünən təklifini qəbul edirlər...
Bu təklifin nədən ibarət olduğunu və nə ilə nəticələndiyini bilmək istəyirsiniz? Bunu tamaşaya baxarkən biləcəksiniz. Tamaşanın vaxtı haqda portalımızda əlavə məlumat verəcəyik.
16.11.2013