
13.11.2013. Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində İsveçrənin “Günyol” Marionet Teatrının (“Le Guignol a Roulettes”) “Mən danışmaq istəyirəm” (“Chat away!”) tamaşası nümayiş etdirilmişdir.
AzərTAc xəbər verir ki, bu tamaşa ənənəvi kukla teatrının texnikasından faydalanan əl kuklaları teatrının tamaşasıdır. Tamaşada yeniyetmələrə diribaş və ayıq olmaq, öz hüquqlarını qorumaq təlqin olunur.
Stefani Lefonun eyniadlı əsəri əsasında rejissor Filip Acurun səhnələşdirdiyi əsərdə adi, qaradinməz və daim özünə qapanan bir məktəblinin taleyindən danışılır. Dyuki adlı bu oğlanın öz düşüncələrini çatdırmaq, fikrini ifadə etmək bacarığı yoxdur. Çünki onun çox əzazil və zalım bir müəllimi vardır. O, daim basqı altındadır.
Lakin o, qız dostu Liçinin köməyi ilə çətinlikləri dəf etməyə özündə güc tapır və cəmiyyətdə özünə düzgün mövqe seçir.
Tamaşada “Günyol” Marionet Teatrının aktyoru Pyer-Alen Rolle çıxış etmişdir. Aktyorun ifasını balaca tamaşaçılar alqışlarla qarşılamışlar. Sonda aktyora festivalda iştirakına görə fəxri diplom təqdim olunmuşdur.
13.11.2013