Nəriman Süleymanov. Ana quşun yuxusu
Biri vardı, biri yoxdu, bir qaranquş vardı. Qaranquş bir evin eyvanında yuva qurmuşdu. Ovuc boyda, qəşəng bir yuva. İçərisində də ətcəbalalar vardı. Gündüzlər yuvada ancaq balalar olardı. Çünki anaları səhər tezdən uçub gedər, göldən-çəməndən balaları üçün yem daşıyardı. Hər gəlib gedəndə də dincəlməz, tezcə qayıdardı. Bir gün ətcəbalalar civildəşə-civildəşə analarına dedilər:
-Anacan, sən yoruldun, axı. Bir oturub dincəlsənə!
Ana qaranquş gətirdiyi yemindən balalarına verə-verə;
-Eyib etməz. Siz məndən nigaran qalmayın, - dedi və balaları üçün yem dalınca uçdu.
Günlər beləcə keçirdi. Sarı ətcəbalalar tüklənib böyüyür, uçmaq üçün qanad gətirirdilər. Yuva get-gedə onlara darısqallıq edirdi. Həmişə bir-birinin qoynuna girib yatan balalar indi nə qədər sıxlaşsalar da, yenə də yuvaya sığmırdılar. Ana qaranquş gah bu yana çəkilir, gah da o yanda dayanır, balalarının rahat yuxulamasına çalışırdı.
Qəribə idi ki, gecələr yuva elə bil böyüyür, balaların yeri genişlənirdi. Bu necə iş idi?
Gəlin, bu sirri öyrənək, - deyə balalar sözü bir yerə qoydular.
O gecə hələ axşamdan yuxuları gəlsə də balalar yatmadılar. Çimir gələndə ayaqları ilə gözlərinin altını, üstünü cırmaqlayırdılar ki, yuxuları qaçsın. Yenə də bu yuxu onlara güc gəldi. Nə vaxt yatdıqlarını bilmədilər. Bir də gözlərini açanda gördülər səhərə yaxındır. Təzə-təzə dan sökülür. Hava təzə-təzə işıqlanır. Bəs anaları hanı?... Tezcə yan-yörəyə boylandılar.
Ana qaranquş teleqraf xəttinin üstə yuxulamışdı...