Xəbərlər

Bakıda V Beynəlxalq uşaq muğam festivalı başa çatıb

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq uşaq muğam festivalının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 
 
Tədbir Gənclər və İdman Nazirliyinin və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin iştirakı ilə reallaşdırılıb. 
Festivalda Azərbaycan, Türkiyə, Misir Ərəb Respublikası, İran, Əfqanıstan, İraq, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistandan uşaqlar iştirak ediblər. 
 
Festival iştirakçılarını Xalq Artisti, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirib. Yekun tədbirində “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə artıq 17 ildir festivalın keçirildiyini diqqətə çatdırıb. Festival artıq beş ildir statusunu dəyişərək beynəlxalq səviyyədə təşkil edilir. 
 
V Beynəlxalq uşaq muğam festivalında  ilk dəfə iştirak edən İran İslam Respublikasından Təbriz muğam qrupu layihəyə 10 nəfərlə qatılıb. 
 
Tədbirdə Gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Azad Rəhimov “Kainat” Gənclik Mərkəzinin həyata keçirdiyi belə layihələrə həmişə dəstək verdiklərini söyləyib və muğam festivalının iştirakçılarına uğurlar arzulayıb. 
 
Sonra müxtəlif ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim ediblər.
 
Təşkilat komitəsinin qərarı və münsiflər heyətinin təklifi əsasında festivalda 1 baş mükafat (“Qran-pri”), 2 birinci, 2 ikinci, 3 üçüncü yer verilib.
 
Bunlardan əlavə iştirakçılara beş həvəsləndirici, müxtəlif nominasiyalar üzrə (ən kiçik iştirakçı, repertuarına Azərbaycan muğamını daxil etmiş əcnəbi ifaçı və s. ) mükafatlar və diplomlar da təqdim olunub.