Mətanət Ulu Şirvanlı "Lamoşkanın ağ corabları"
Biri vardı, biri yoxdu... Təzə toxunmuş ağ corablar vardı. Bu corabların sahibinin adı Lamoşka idi. Corabları nənə toxumuş, ad günündə nəvəsi Lamoşkaya hədiyyə etmişdi. Balaca Lamoşka corablarını xoşlayar, onları qonşu uşaqlara göstərib; – Bir baxın, görün nə gözəl ağ corablarım var, mənim! Onları mənim üçün nənəm toxuyub, – deyə qızların yanında lovğalanardı. Uşaqlar da onun ağ corablarının gözəl olduğunu təsdiqləyib;
– Ay Lamoşka, doğrudan da gözəldir! Sənin nə yaxşı nənən var, o, yəqin ki, bizim üçün də corab toxuyar?-dedilər.
Lamoşka qızlara qəzəbləndi. Qaşlarını çatıb, onlara dedi: – Olmaz! O, mənim nənəmdir! Lamoşka corablarını sinəsinə sıxıb evə qaçdı. Nənəsinin yanına gəlib, üzündən öpdü və oxudu;
Nənəm, nənəm, ay nənəm,
Corabları say, nənəm.
Çoxlu-çoxlu toxu sən,
Amma vermə pay, nənəm.
Nənə də cavabında dedi;
Lamoşka mələyimdir,
Duzumdu, çörəyimdi.
Təkcə indi demirəm,
Həmişə gərəyimdir!
Nənə Lamoşkanın saçlarına sığal çəkər, dizinin üstündə oturdar, ona nağıllar danışardı. Lakin bu, mehribanlıq çox çəkmədi. Lamoşka dəyişdi. Nadinclik etməyə başladı. Heç kimin sözünə baxmır, nənəsini bəyənmir, ata-anasını incidirdi. Soyuqlar düşdü. Qar yağdı. Lamoşka küçəyə çıxıb, uşaqlarla oynamaq istədi. O, nənəsi toxuyan ağ corablarını axtarmağa başladı. Lakin tapmadı. Anasından, atasından, sonunda nənəsindən soruşdu.
– Nənə, mənim corablarım hanı?
Nənə Lamoşkanın corablarını axtardı. Tapa bilmədi.
– Hara düşübsə, tapa bilmirəm, qızım, -dedi.
Lamoşka qəzəbləndi. – Hanı mənim corablarım?-deyə nənənin üstünə bağırdı.
Nənə: – Qızım, sənə təzə corab toxuyaram.
Bir neçə gündən sonra nənə Lamoşkaya təzə corab toxumağa başladı, özü də ağappaq ipdən. Onları Lamoşkaya göstərib;
– Gör nə gözəl corabdı, ay Lamoşka, sənin üçün toxuyuram-dedi.
Lamoşka onu saya salmadı, nənəsinə sataşmağa və oxumağa başladı.
Nənəm, nənəm, ay nənəm,
Saçları xəzəl nənəm.
Üzü qırış-qırışdı,
Hər yanı gəzər nənəm.
Nənə onun sözünü eşidib başını aşağı saldı və yaşarmış gözlərini gizlincə sildi. Ürəyində nəvəsindən küssə də, incikliyini bildirmədi. Lamoşka bunu gördü, lakin ona əhəmiyyət vermədi. Nənə corabları toxuyub qurtardı. Corab Lamoşkanın xoşuna gəldi. Əlinə götürüb sığalladı və sevincək ayağına keçirdi. Corabın ilmələri öz-özündən açılaraq sökülməyə başladı. Nənə yenidən toxudu. Lamoşka yenidən geyindi. Corab yenidən söküldü. Lamoşka; – A...a...a bunlar niyə sökülür?-deyə soruşdu. Corablar Lamoşkanın əlindən yerə tullanıb, addımlayaraq, nənənin yanına yeridilər. Nənə onları götürüb yenidən Lamoşkaya verdi. Corablar bu dəfə də sürüşüb yerə düşdü və nənənin yanına qaçdılar.
Lamoşka corablardan soruşdu:
– Ay corablar, məndən niyə qaçırsınız?
Corablar dilləndi:
– Bəs sən niyə nənəni incidirsən?! Nə qədər ki, nənəni incidəcəksən, biz də sənə yaxın durmayacağıq.
Elə bu zaman itmiş ağ corablar da tullana-tullana gəldi və təzə corabların yanında dayanıb dedilər:
– Elə biz də Lamoşkanın nənəni incitdiyini görüb, sandıqda gizlənmişdik. O, ata-anasını, hətta qonşu uşaqları da incidir. Nənənin toxuduğu corabları uşaqlara pay verməyə qoymur. Biz istəyirik ki, nənə toxuduğu corablardan uşaqlara pay versin. Axı hava soyuqdur, onların da ayaqları üşüyür. Lamoşka səhvini başa düşüb, nənədən üzr istədi. Qollarını onun boynuna dolayıb nənəsini öpdü və dedi
– Nənə, məni bağışla, mən səni çox istəyirəm.
Elə bu zaman təzə, ağ corablar Lamoşkanın ayaqlarına sarıldılar. Lamoşka sevinə-sevinə həyətə qaçdı. Uşaqlar həyətdə Lamoşkanı dövrəyə alıb, mahnı oxudular;
Lamoşka corab geyindi,
Ayaqları da sevindi.
Ay Lamoşka, de, indi
Nənə bizə corab Toxusun-toxumasın?
Lamoşka dilləndi: – Nənəm sizə də ağ corablar toxuyacaq. Mən sizə və corablarıma söz verirəm;
– Bundan sonra hamınızla mehriban olacağam, heç kimi incitməyəcəyəm, nənəmi də çox sevəcəyəm!
Hə, uşaqlar, siz də bilin, Lamoşka ağıllı qız oldu, nənəni incitmədi. Nənə də corab toxudu, uşaqlar da sevindi.
(“Merinin nağıllar dünyası” kitabından)