Narsis
Müasir dövrümüzdə özünə həddən artıq vurğun insanlara “narsis” deyilir. Narsis termini dilimizə qədim yunan əfsanəsindən keçmişdir.
Əfsanəyə görə çay allahı Kefis və nimfa Liriopanın övladı olan Narsis adlı gənc olduqca yaraşıqlı xarici görünüşə malik idi. Öncədəngörən Tiresiy Narsisə demişdi ki, çox yaşamaq istəyirsə, özünü görməməlidir. Narsisin gözəlliyini görən hər kəs ona aşiq olurdu, amma o heç kimin sevgisinə qarşılıq vermirdi. Narsisin 15 yaşı olanda dağ nimfası Exo ona aşiq oldu. Narsit onun sevgisini rədd edir. Exo dərddən ölür və ondan yalnız səs qalır. Sevgisi rədd edilən Exo ölərkən tanrılara “Qoy elə sevsin və sevgisinə qovuşa bilməsin” deyə yalvarır. Tanrılar Narsisi cəzalandırır. Növbəti ovların birində Narsis çayın suyunda öz əksini görür və özünə aşiq olur. Öz əksindən ayrıla bilməyən Narsis çayın kənarda o qədər qalır ki, axırda aclıqdan və əziyyətdən ölür. Nimfalar onun yanına gəldikdə görürlər ki, onun cəsədinin yerində gözəl bir Nərgiz gülü yetişmişdir.
Narsis əfsanəsi insanların qədimdən güzgünün gerçəklik və illüziya arasında sərhəd olması barədə inanclarının parlaq nümunəsidir. Təsadüfi deyil ki, hələ də bir çox ölkələrdə ölən şəxsin evindəki güzgülərin üstü bağlanır.
Bu əfsanə bir çox rəsm, balet və digər incəsənət əsərlərinin ilham ocağı olmuşdur. Məsələn Salvador Dali 1937-ci ildə məşhur “Narsisin metamarfozu” rəsm əsərini çəkmişdir.
29.09.2018