Nağıllar, hekayələr

Sevinc Nuruqızı. "Camış və canavar"

Günlərin bir günü cır alma meşəsində yaşayan camış camaşırxana açdı. Üstünə də belə yazdı: “Camaşırxanada cırıq corablar yuyulur və yamanır”. Bilirsiniz necə xeyirxah iş idi? Cırıq corablarından barmaqları çıxmış heyvanlar camaşırxananın qarşısında növbəyə düzüldülər:


– Camış, mənim corablarımı bu gün yu və yama. Cəld ol, xahiş edirəm, – Bunu deyən cığal keçi idi.
– Camış xahiş edirəm, corablarımı tez yu. Bu gün cənuba uçuram. Bunu da deyən cırcırama idi. 
– Bura bax, cırcırama, səndən qabaq cücələr xahiş etdi dayanıblar. Cikkildəşib corablarını istəyirlər, – camış növbədə dayananları sakitləşdirdi. – Cücələrdən sonra növbədə ceyrandır, sonra cüyür, sonra cüllüt, daha sonra... 
– Elə bu vaxt camış qarşısında canavarın qorxunc sifətini gördü. Kəkələdi:
– Cənab sizin növbəniz cırcıramadan sonradır.


Canavar yol ötəndə rast gəlmişdi camaşırxanaya. Acından qarnı quruldayırdı. Ciblərində cır almadan başqa heç nə yox idi. Camaşırxananın üstündəki yazını oxuyanda ayaqlarındakı cırıq corablara baxıb cəld demişdi:
– Aha, yaxşı fürsətdir. Cırıq corablarımı yuyar-yamayar, sonra da camışı yeyərəm. Həm qarnım tox olar, həm corablarımın cırıqlarından canım qurtarar...


Amma bu, belə olmadı. Camaşırxanada növbə gözləmək istəməyən canavarın nə corabı yuyuldu, nə də dilinə camış əti dəydi. Növbədəkilər hərəsi ona bir təpik, bir dimdik, bir çimdik atdılar. Cüllüt dimdikləyib cücüyə, cücü dişləyib cücəyə, cücə didişdirib cüyürə, cüyür təpikləyib ceyrana, ceyran kəllələyib camışa ötürdü. Camış canavarı götürüb var gücü ilə necə atdısa, canavar cır alma ağacının təpəsinə düşdü.