“Dərs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
Bakı, 18 may, AZƏRTAC
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Koreya Respublikasında keçirilən 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalında “Mədəni mübadilə” mükafatına layiq görülüb.
AZƏRTAC-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, Mədəniyyət Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
18.05.2018