Nağıllar, hekayələr

Heraklın səkkizinci qoçaqlığı. “Heraklın Frakiyaya səfəri”

Herakl hələ Krit adasında olarkən Evrisfey onun üçün yeni bir tapşırıq hazırlamışdı. Əgər o, Kritdən sağ-salamat qayıtsaydı, uzaq Frakiya ölkəsinə səfər etməli, hökmdar Diomedin qorxunc madyanlarını gətirməli idi. Odur ki, Krit öküzünü gətirdikdən sonra Herakl Arqosda çox yubanmayıb Frakiyaya yola düşdü. Onu qarşıda Diomedin dəniz girdablarından qalxmış qara qayalar üzərindəki sarayı və qəzəblə kişnəyən madyanları gözləyirdi.

 

Gecə-gündüz dayanmadan irəliləyərək xeyli məsafə qət edən Herakl, nəhayət, gəlib dəniz sahilinə yetişdi. Qorxmaz yolçu burada olduqca yüksək və böyük sal qaya üzərində əzəmətli bir saray gördü. Bu sarayı zalımlığı ilə öz ölkəsindən uzaqlarda da ad çıxarmış hökmdar Diomed tikdirmişdi. Ətrafa boylanan Herakl sarayın yanındakı şiş qayaların arasında tikilmiş axurlar gördü. Axurlara bağlanmış kəhər madyanlar dırnaqları ilə torpağı eşir, səbirsizliklə fınxırır və qəzəblə Herakla baxırdılar. Bu yaraşıqlı kəhərlərin mis kimi parıldayan dərisi, quş boynu kimi hər tərəfə əyilən boyunları vardı. İpək telli yalları isə dırnaqlarına qədər uzanmışdı. Bir sözlə, bu atların gözəlliyinə tamaşa etməyə iki göz gərəkdi. Lakin Herakl yaxşı bilirdi ki, onların zahiri yaraşığına aldanmaq olmaz. İti qaçan bu atlara yaxın düşən adam ölümü gözünün altına almalı idi! Çünki bu atlar nə saman, nə quru ot, nə çovdar, nə də arpa yeyirdilər.

 

Bunlar adamyeyən atlar idi!

 

Qayalarla dolu bu yerlərdə gəmilər tez-tez daşlara dəyib qəzaya uğrayır, ya da burulğana düşüb batırdılar. Dəniz dalğaları ölmüş adamların cəsədlərini sahilə çıxarırdı. Diomedin nökərləri bu cəsədləri sahildən yığıb qana həris madyanlara atırdılar.

 

Herakl tövləyə yaxınlaşdığı zaman Diomed ova çıxmışdı. Saray gözətçiləri şir dərisi geymiş qonağı tutub həbs etmək istədilər. Lakin Herakl bir göz qırpımında gözətçiləri yıxıb əl-qollarını möhkəm-möhkəm bağladı. Bundan sonra o, tövlənin darvazalarını açaraq içəri girdi. Tövlənin hər tərəfində insan sümükləri səpələnmişdi. Heraklın üstündəki şir dərisi madyanları qorxuya salmışdı. Onlar vəhşi səslə fınxırır, şahə qalxır, yaxına gələn Heraklı dişləməyə çalışırdılar. Lakin Herakl uşaqlıqdan atlarla davranmağı, onları ram etməyi bacarırdı. O, tez bir zamanda Diomedin adamyeyən atlarının başına yüyən salıb sahildə onu gözləyən gəmiyə doğru aparmağa başladı.

 

Nökərlər yubanmadan tövlədə baş verən əhvalatı öz hökmdarları Diomedə çatdırdılar. Heraklın bu hərəkətindən qəzəblənmiş Frakiya hökmdarı cəngavərləri ilə birlikdə özünü dəniz sahilinə çatdırdı. Burada Heraklla qarşılaşan Diomed və onun cəngavərləri cəsur döyüşçü ilə əlbəyaxa döyüşə girdilər, lakin tez bir zamanda ona məğlub oldular. Herakl nəhəng toppuzunun bircə zərbəsilə zalım Diomedin başını əzdi, cəsədini isə adamyeyən atların qabağına atdı. Bundan sonra o, gəmiyə minib qorxunc madyanları Evrisfeyin hüzuruna yetirdi.

 

Evrisfey qorxusundan titrəyə-titrəyə atlara ötəri baxdı və əmr etdi ki, onları vəhşi heyvanlarla dolu Likeya dağlarına buraxsınlar. Orada isə sıldırım dərələrdə və şam meşəliklərində dolaşan dağ canavarları atları parçalayıb yedilər. Çox keçmədən bu adamyeyən atlar və onların qəddar sahibi Diomed unuduldu.

 

(Ardı var...)