Musiqili Teatr balaca tamaşaçılarını sevindirəcək
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu balaca və rusdilli tamaşaçılarına maraqlı səhnə əsərləri izləmək imkanı yaradacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 21-də “Dəcəl çəpişlər” və aprelin 22-də isə “Yatmış gözəl və cırtdanlar” tamaşaları təqdim olunacaq. Hər iki səhnə əsəri saat 12.00-da izləniləcək. Səhnə əsərlərində Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, Şövqü Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Güldanə Əzimova, Nadir Xasiyev və digərləri iştirak edəcək.
Həftəni xoş ovqatla və yaddaqalan başa vurmaq istəyən hər kəs biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilər.
19.04.2018