Xəbərlər

Rezin ördəyin dünya səyahəti

Beşmərtəbəli bina boyda olan sevimli ördəyi artıq bütün dünyada tanıyırlar. Bu gözəl ev quşu Nyu York və Tokio, Osaka və San-Paulo kimi çox böyük şəhərlərin körfəzlərində üzüb, və əsl art-sensasiyaya səbəb olub. İdeyanın müəllifi hollandiyalı Florentijn Hofman da ördək balası ilə bərabər dünyanın hər yerinə səyahət edir.
Sizə xoş xəbərimiz var. Rezin ördək Bakıya gəlir.
“YARAT!” Müasir İncəsənət Məkanından bildiriblər ki, “PARTICIPATE” Baku Public Art” festivalı çərçivəsində sentyabrın 5-də 12 metrlik ördək Dənizkənarı Milli Parkda suya buraxılacaq.
Bəs necə oldu ki, bu qeyri-adi cazibəyə malik rezin ördək müxtəlif qitələrdən və ölkələrdən olan insanların sevgisini qazandı? Gəlin rezin ördəyin möhtəşəm dünya səyahətinin sirrini tapmağa çalışaq.
İdeya 2007-ci ildə yaranıb. Müəllif uğurunu belə şərh edir: “Ördək hər kəsin ürəyində xoş duyğular və nostalji hisslər yaradır. O, nə sərhəd tanıyır, nə də ayrı-seçkilik edir… O, hamıya qarşı mehribandır, siyasətdən uzaqdır. O, yaşından və aldığı tərbiyədən asılı olmayaraq hər kəsi barışığa səsləyir. O, bir-birinə yad insanları qısa müddətə də olsa ayaq saxlamağa və ünsiyyət qurmağa məcbur edir. Axı pablik-art üçün səciyyəvi xüsusiyyət ünsiyyətin yaranmasıdır”.
Uşaqların keçirdikləri həyəcanın rəssam tərəfindən xeyirxah yumor və sadəliklə əks olunması insanda doğrudan da xoş hisslər yaradır. Bu uğurundan ilhamlanan rəssam sonrakı illərdə də bir sıra maraqlı əsərlər yaradıb. 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi parkında quraşdırdığı 15 metrlik instalyasiya əhali tərəfindən “Kök meymun“ adlandırılıb. Həmin instalyasiya 10000 cüt şistdən (Braziliyada ənənəvi ayaqqabı) yığılıb.
2011-ci ildə rəssam İsveçin Orebro şəhərciyi üçün “Nəhəng sarı dovşan“ yaradıb. Bu dovşan İsveçdə dam örtüyü kimi istifadə edilən kirəmitdən hazırlanıb.
Növbə Bakınındır. Paytaxtımızın sakinləri, xüsusən uşaqlar gənc hollandiyalı rəssamın yaratdığı pozitiv və cazibəli rezin ördəyin gəlişini səbirsizliklə gözləyirlər.