Uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının əyləncə mərkəzlərindən birində uşaq evləri və internat məktəblərinin sakinləri üçün xeyriyyə aksiyası keçirilib. Tədbirdə paytaxtımızın üç uşaq müəssisəsindən 150 uşaq iştirak edib.
Tədbirdə iştirak edən uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Bir-birindən maraqlı əyləncələrlə məşğul olan uşaqların səsləri bir-birinə qarışmışdı.
Xətai rayonundakı 3 nömrəli uşaq evindən Leyla Qədirova doyunca oynadığını, hər şeyin çox yaxşı, maraqlı olduğunu söylədi. Bir neçə əyləncəyə qatılan bu qız qorxulu tuneldə həyəcan anlarını yaşasa da, tuneldən uğurla keçdiyini dedi. Bu bacarıqlı qız maşını da cəsarətlə sürdü. Leyla Qədirova Heydər Əliyev Fondu tərəfindən belə tədbirlərin mütəmadi keçirildiyini dedi və buna görə minnətdarlığını bildirdi.
Uşaqlar deyir, gülür, əylənir, oyun məkanlarını tez-tez dəyişirdilər. “Uddum, hədiyyə qazandım!” deyən 2 nömrəli uşaq evindən Nadir Qurbanov isə “Stinky feet”də hədəfə düşmüşdü. Onun sevinci yerə-göyə sığmırdı.
Tramplində sürüşən uşaqlar da ağız dolusu “hər şey yaxşıdır” deyə sevinclərini ətrafdakılarla bölüşürdülər.
Doyunca əylənən uşaqlar vaxtın necə keçdiyini hiss etmirdilər.
Mərasimin sonunda uşaqlar nahar etdilər və onlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.