Nağıllar, hekayələr

Anar. Əlifba

Mən balaca idim. Hələ məktəbə getmirdim. Nə yaza, nə də oxuya bilirdim. Heç öz adımı da oxuya bilmirdim. Çünki hərfləri tanımırdım. Ancaq payızda məktəbə gedəcəkdim. Əmim mənə bir neçə qəşəng kitab gətirdi. Dedi ki, birinci sinfə gedəndə bu kitabları oxuyacaqsan. Hələlik şəkillərinə bax. Bilmirdim ki, hansı kitabdan başlayım. Bu vaxt bir səs eşitdim.


-Mən danışan kitabam. Mən Əlifba kitabıyam. Məni vərəqlə. Hər səhifəmdə sənə təzə-təzə sözlər deyəcəyəm. Mən ən böyük kitabam. Əgər uşaqlar səhifələrimdəki 32 hərfin hamısını öyrənsə, bütün adları, bütün sözləri, bütün kitabları oxuya bilərlər. Mənim hər hərfimdən neçə söz başlayır. Məsələn, A hərfi ilə başlanan sözləri saymaqla qurtarmaz. İnanırsan, özündən soruş.


- A... deyə hərf  sözə başladı. Əlbəttə, mən əlifbanın birinci hərfiyəm. Ona görə neçə-neçə sözlər məndən başlayır! Ata, ana, adamlar, Azərbaycan. Mənim çoxlu dostlarım var: Azərlər, Adillər, Ariflər, Afətlər, Altaylar, Aslanlar. Hər il payızda mən onlara çoxlu alma, armud, alça alıram.


- Bağışla, bağışla, - deyə kimsə A-nın sözünü kəsdi. Bəli, bağışla. Mən də B hərfiyəm. Bəli, B. Doğrudur,  Əlifbada A hərfi birincidir. Ancaq elə birinci sözü də mənimlə başlayır.  Buna görə də mən heç vaxt “yox” demirəm, həmişə “bəli” deyirəm. Bəli, A-nın bacısıyam. A dedi ki, ata, ana sözü onunla başlanır. Mənimlə isə atanın atası, yəni baba sözü başlanır. Mənim dostlarım bir balacalardır, bir də  böyüklər. Bədir, Bəkir, Bikə, Bilqeyis... A dostlarına alma, armud, alça alır. Mən isə onlara bütün  bağları bağışlayıram. Bəli, biz A hərfi ilə bacıyıq: A və  B.


Kimin isə səsi eşidildi:
- Bəs, heç məni yad etmirsiniz? V... A, B və V, yəni mən. Mən V-yəm. V-ni unutmayın. Vətən sözü mənimlə başlanır. B-nin bəxti var. Mənim də vaxtım... Mən hamı üçün vacibəm, vəfalıyam, varlıyam. Bütün Vahidlər, Validələr, Vaqiflər, Vəcihələr mənim vəfalı dostlarımdır.


- Qoymaram, qoymaram məni də unudasınız. Mən Q-yəm. Qorxuram, qeydimə qalmayasınız. Qoyun deyim, mən də sizin qardaşınızam. Qələmim də var, qılıncım da.


- Dostlar! Dostlar! Mən də D hərfiyəm. Dostluq sözü mənimlə başlanır. Deyirəm dost olaq. Deyirəm dalaşmayaq. Deyirəm danışmaq üçün sözü S hərfinə verək. Axı sentyabra az qalıb. Dərslər başlayacaq. Daha nə deyim? Hə, onu deyim ki, dərslər məndən başlanır. Dərslər sözünü deyirəm. Dostluq olsa, dərslərinizi yaxşı oxuyarsınız. Dəftərlərinizi səliqəli saxlayın.


- Onda həmişə beş alarsınız, deyə B D-nin sözünü kəsdi.


D dedi:
- Sözü S hərfinə verək. Bu gün-sabah sentyabrın biridir. Söz sənindir, ay S.


S dedi:


- Salam! Salam, sevimli uşaqlar. Sentyabrın birində səhər saat səkkizdə məktəblər sizi gözləyəcəklər...


Mən Əlifba kitabı ilə belə tanış oldum. Əziz uşaqlar, bu kitabı vərəqləsəniz, o sizə də çoxlu maraqlı nağıllar, hekayələr danışar, şeirlər oxuyar.