“Rənglərin rəqsi”ni dünyaya bəxş edən Məryəm
Azərbaycanın gənc rəssamı Məryəm Ələkbərlinin əsərlərinə tamaşa edəndə sanki özünü başqa dünyada – daha işıqlı, daha səmimi və daha zəngin bir dünyada hiss edirsən. Rəssamın avtoportretlərində sanki onun simasını ikiyə bölən xətt sezilir. Bəlkə də bu xətt nəhəng və heç də həmişə xeyirxah olmayan dünyamızdan Məryəmin özünə cəlb etdiyi böyük sevginin və əvəzində bu dünyaya imzaladığı sonsuz məhəbbətin qovuşduğu məkandır. Elə onun kətana köçürdüyü rəsmlər də iç dünyasının ifadəsi olan düşüncələrin, hiss və duyğuların nəticəsidir.
Azərbaycanlı rəssamın istedadına valeh olan Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin dediyi kimi, “O, nadir istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə xətlərlə obraz yaratmağa çalışırlar, o isə artıq bunu bacarır”.
Gənc olmasına baxmayaraq, onun sənət yolu kifayət qədər zəngindir. Məryəmin ilk 2 sərgisi 2010-cu ildə Bakıda - əvvəlcə “Art Garden”, sonra isə “Qız qalası” qalereyalarında keçirilib. Daha sonra Berlin, Paris, İstanbul, Ankara onun fərdi sərgilərinə ev sahibliyi edib. 2011-ci ilin dekabrında Məryəmin rəsmləri UNESCO-da sərgilənib.
Məryəmin əsərlərindən ibarət “Mənim gözəl dünyam”, “İlin fəsilləri”, “Rənglərin rəqsi” albomları ingilis, fransız, alman və yapon dillərində nəşr olunub. Berlin sərgisi zamanı bu albomlarla tanış olan tanınmış Almaniya sənətşünası İngi Şmidt deyir: “Məryəmin rəsmləri insanın ən dərin hisslərinə toxunur. Mən Məryəmin albomunu tələbələrimə göstərib deyəcəyəm: “Baxın və Məryəmdən öyrənin!”.
Məşhur Fransa sənətşünası Tyerri Dyufren isə Məryəm Ələkbərli haqqında yazır: “Mən Məryəmin rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görən kimi onun fırçanın dili ilə nə demək istədiyini anladım. Onun yaradıcılığı ilkin mənbəyə qayıdışdır. O mənbəyə ki, orada bütün rənglər yalnız işıq olduqları üçün bərabər hüquqa malikdirlər”.
Bu yaxınlarda Ötən ay Moskvanın Mərkəzi Rəssamlar Evində keçirilən “Ənənələr və müasirlik” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində açılmış sərgisinə gələnlər onun rəng duyumuna, rəngkarlıq palitrasına heyran qalıblar. Məryəmin əsərləri bu festivalda ikinci dəfə nümayiş olunub. Ötən il münsiflər heyəti Məryəmin “Bahar ətirli diyar”adlı silsilə rəsmlərini yüksək qiymətləndirib və o, festivalın “Vera” (“İnam”) mükafatına layiq görülüb.
Builki festivalda Məryəmin “Rənglərin rəqsi” adı altında nümayiş etdirilmiş işləri onun iç dünyasının daim zənginləşdiyini göstərir. “Çiçəklənən vadi”, “Meyvələr və ağ küplə natürmord”, “Amazonka”, “Nağıl motivləri” rəsmləri rənglərin parlaqlığı və rəng çalarlarının müxtəlifliyi ilə cəlb edib. Məryəm bu rəsmlərində ancaq özünün gördüyü və sevdiyi dünyanı əks etdirib. Yəqin elə buna görədir ki, rənglər də, - istər yağlı boya olsun, istər akril və ya quaş, - onun hökmünə tabe olub, sanki yallı gedir.
Məryəmin öz daxili aləmini rənglərin zənginliyi ilə ifadə etmək, forma və rənglərlə cəsarətlə işləyərək, parlaq, ahəngdar bir dünya yaratmaq bacarığı onu fərqləndirən cəhətlərdir.
“Paklıq” və “ümid” sözləri Məryəm Ələkbərlinin yaradıcılığına uyğun gələn ən münasib epitetlərdir.