Xəbərlər

Məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyində “İlaxır çərşənbə”ni qeyd ediblər

Bakı, 14 mart, AZƏRTAC
 
Martın 20-də Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz ölkəmizə qədəm qoyacaq. Bu bayram yaz fəslində gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edir. Qədim günəş təqviminə görə, bu gün yazın və yeni ilin başlanğıcı hesab olunur.     
 
Bayrama hazırlıq düz bir ay əvvəl başlanır. Novruzdan əvvəl dörd çərşənbə gəlir. Həyatın, varlığın əsası sayılan 4 ünsürlə bağlı olan bu çərşənbələr ona uyğun da adlandırılıb: su çərşənbəsi (birinci), od çərşənbəsi (ikinci), yel çərşənbəsi (üçüncü), torpaq çərşənbəsi və ya “ilaxır çərşənbə”.
  
Təbiətin bu ünsürlərinin oyanışı yeni günün – Novruzun gəlişindən xəbər verir. Novruzda təbiət, torpaq oyanır. 
 
Bayramla əlaqədar paytaxtımızda keçirilən tədbirlərdən “Kabalaka” Uşaq Tədris Mərkəzinin əməkdaşları da geri qalmayıblar.
 
Onlar martın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün “İlaxır çərşənbə” tədbiri keçiriblər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə birgə təşkil olunan tədbirdə “XXI əsr” Beynəlxalq təhsil və innovasiya mərkəzinin ibtidai sinif şagirdləri iştirak ediblər. 
 
Bayram tədbirinin səhər proqramına Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təhsil alan şagirdlərin ifasında musiqi nömrələri, Novruz bayramının müxtəlif atributlarının hazırlanması üzrə ustad-dərsi, habelə muzeyin eksponatları ilə tanışlıq daxil idi.    
 
Fəlsəfə doktoru, Marsel Universitetinin məzunu Xuraman Mustafayevanın rəhbərliyi ilə uşaqlar yumurta boyayıb, rəngli kağızdan “səməni” hazırlayıb, habelə şamlarla elmi təcrübə aparıblar. İştirakçılara milli zərgərlik bəzəklərinin hazırlanması üzrə 3D formatında interaktiv təqdimat nümayiş etdirilib.  
 
Milli İncəsənət Muzeyində “İlaxır çərşənbə” şənliyi Bakıda keçirilən novruzqabağı tədbirlər sırasında uşaqlar üçün növbəti əlamətdar hadisə oldu.