Xəbərlər

AZƏRTAC-ın əməkdaşları “Ümid yeri” uşaq evinin sakinlərinə baş çəkiblər (+VIDEO)

Bakı, 15 fevral, AZƏRTAC
 
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın əməkdaşları fevralın 15-də Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evində olublar.  
 
Xeyriyyə məqsədi daşıyan səfər AZƏRTAC-ın Həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə baş tutub. Agentliyin əməkdaşları uşaqlara oyuncaqlar, rəsm albomları, karandaşlar, geyim, şəxsi gigiyena vasitələri və şirniyyat gətiriblər.
 
Məxsusi dəvət edilmiş animator uşaqları əyləncəli sirk nömrələri və maraqlı fokuslarla sevindirib.
 
Xeyriyyə aksiyası çərçivəsində uşaqlara AZƏRTAC-ın və onun Uşaq Portalının fəaliyyəti barədə məlumat verilib, bukletlər və hədiyyələr paylanıb. Uşaq evinin rəhbərliyi ehtiyacı olan uşaqlara göstərilən yardıma görə AZƏRTAC-ın əməkdaşlarına təşəkkür edib.
 
Qeyri-dövlət ictimai xeyriyyə təşkilatı olan “Ümid yeri” uşaq evində 47 nəfər tərbiyə alır.