On yaşlı oğlan çəkdiyi rəsmlərdən 1,5 milyon funt qazanmışdır
26.07.2013. Balaca Mone (Oskar Klod Mone (1840—1926) — fransız rəssam, impressionizm cərəyanının yaradıcılarından biri) adlandırılan on yaşlı britaniyalı oğlan Kieron Vilyamson beş yaşından - ailəsi ilə birlikdə istirahətdə olarkən mənzərə şəkilləri çəkməyə başladığı vaxtdan şöhrət qazanmışdır.
Bu balaca oğlan ilk dəfə art-bazara 2009-cu ildə gəlmişdir. Həmin vaxt qapalı hərracda onun 19 şəkildən ibarət kolleksiyası 14.000 funta satılmışdır. Kieron bu pula valideynləri üçün ev almış, həmçinin rəssam L.S.Lourinin işlərinə müəyyən məbləğdə vəsait yatırmışdır.
2010-cu ildə balaca rəssamın ilk fərdi sərgisində yağlı boya, rəngli karandaşlar və sulu boya ilə çəkilmiş 33 işi nümayiş olunmuşdur. Rəsmlər Arizona, Nyu-York və Cənubi Afrika Respublikasından olan alıcılara 30 dəqiqə ərzində 150.000 funta satılmışdır.
2011-ci ildə Kieron 10 dəqiqə 50 saniyəyə 106.260 funt qazanmışdır. Keçən cümə günü keçirilmiş sonuncu satışlarda yeniyetmə rəssam işlərini 450.000 funta satmışdır. Bununla yanaşı, ilk 23 rəsm 20 dəqiqə ərzində 242.095 funta satılmışdır.
Karyerasına başladığı vaxtdan etibarən Kieron ailəsi üçün 1,5 milyon funt qazanmışdır. Sonuncu satışları təşkil edən qalereyanın meneceri Adrian Hill bildirmişdir ki, Kieronun rəsmləri maraqlı və qeyri-adidir. Ötən illər ərzində yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər diqqəti cəlb edir.
Sonuncu hərracda alıcılar Böyük Britaniya, Avropa, Amerika, Yaponiya və Kanadadan olmuşlar. Kieron diqqətini rəsmlərə daha çox cəmləmək məqsədi ilə növbəti dərs ilində evdə təhsil alacaqdır. O, rəsm çəkməklə yanaşı, bütün balaca oğlanlar kimi futbol oynamağı da çox sevir.
26.07.2013