Mari nağılı. Sehrli qılınc
Bu lap çoxdan olmuş bir əhvalatdır. Əldən-ayaqdan düşmüş qoca qarıların özləri də əhvalatın nə vaxt olduğunu xatırlaya bilmirlər; üç yüz il bundan qabaq olub, beş yüz il bundan qabaq olub, kim bilir, bəlkə də min il bundan qabaq olmuş əhvalatdır. Bu əhvalat uzaq, uzaq keçmişdə baş vermişdir.
Meşədən sakit-sakit axıb gedən nəhəng Volqa çayının sahilində Mari xalqı yaşayırmış. Onlar taxıl əkmək, balıq tutmaq, ov etməklə dolanırlarmış. Sahilboyu bataqlıqda qəddar, zalım Turni olmasaymış, bu xalq çox xoşbəxt və sevinc içində yaşayarmış. Bu zalım Turni uçub əkin yerinə gələr, sünbülləri qırıb tələf edərmiş, çayların burulğanında balıqları vurub gicəlləndirər, sonra da basmarlayıb yeyər, qasırğalı küləyə dönüb ovçuların oxunu nişangahından yayındırarmış.
Ancaq bir bəla bütün bəlalardan daha dəhşətli imiş: gecənin yarısı, təzə ay çıxanda Turni qamışlığa uçub gələrmiş, qızları götürüb öz bataqlıq məmləkətinə apararmış. Heç kəs ona mane ola bilməzmiş. Bu ziyanverici düşməni görmək, onu tutmaq mümkün olmazmış. Heç kəs bilməzmiş ki, növbəti qurbanını o hansı kənddən seçib götürəcəkdir.
Həmişə yaz vaxtı, qışlama gününü bayram etmək üçün məhəllələrdəki camaat çay döngəsinə yığışarmış. Bunların arasında cavan ovçu Yuanay da olarmış. Bu cavan oğlan qoçaqlığı və uğurları ilə el içində böyük şöhrət tapıbmış. Bu oğlan ayı ilə təkbətək döyüşə çıxarmış, ayını nizəsi ilə göyə qaldırarmış. Yuanayın oxu dələnin dərisini korlamazmış, həmişə heyvanı gözündən vurarmış.
Yuanay təkcə buna görə şöhrətlənməmişdi. Volqa sahillərində onun kimi gözəl, onun kimi boy-buxunlu oğlan yox imiş. Yuanay elə ki tuluq zurnasını əlinə alıb başlarmış çalmağa, meşədəki quşların hamısı o saat səslərini kəsib sakitcə ona qulaq asarmış; əgər oğlan quslini dizi üstünə qoyub simlərini dilləndirsəymiş, hətta qocalar belə ortaya atılıb oynamağa başlayarmışlar.
Bu bayramda Yuanay göygözlü gözəl Yukçini ilk dəfə idi ki, görürdü. Bu qız elə bil ağ su sonası idi, süzə-süzə dövrə vururdu…
Yuanay quslini qonşusuna ötürüb Yukçiyə yaxınlaşdı. Oğlan qızın qolundan tutub, onu günəşli tarlaya çəkib apardı. Tarlada oğlan qıza ən əziz, müqəddəs bir söz dedi, elə bir söz ki, hələ indiyəcən heç bir qıza deməmişdi.
Yuanay sevimli qıza yavaşca pıçıldadı:
— Sabah mən ova çıxıram, düz iki həftədən sonra qayıdıb gələcəyəm, onda biz evlənərik. Mən gecə-gündüz şikar vuracağam. Çox təmtəraqlı bir toy eləyərik.
Quslin — əl ilə çalınan qədim çalğı aləti.
Yukçi oğlana yalvarıb dedi:
— Məni qoyub getmə, özünlə apar ova. Mən heyvanın dərisini soya bilirəm, sənə kömək eləyərəm.
Oğlan dedi:
— Ova getmək qız işi deyil. Sən toya tədarük gör.
Qız dedi:
— Qorxuram ki, qəzəbli Turni məni götürüb aparar.
Oğlan dedi:
— Cəsarəti çatmaz. Mən qəzəbli Turnini hansı bataqlıqda olur-olsun, axtarıb taparam. Nizamla onu yerə pərçim edərəm, başını bədənindən üzib ataram.
Gözəl qız qəm-qüssə içində, gözlərinin yaşını axıda-axıda sevgilisini meşənin kənarına kimi ötürdü.
Yuanayın hələ indiki kimi ovda bəxti gətirməmişdi. Günlər bir-birinin dalınca ötüb-keçirdi, oğlan da meşədəki daxmanı ağzına kimi tülkü, dələ, sincab dərisi ilə doldurmuşdu.
Yukçi də toya hazırlıq görürdü; önlüklər, dəsmallar tikir, onlara naxış salırdı, bal, içki tədarük görürdü.
Toya cəmi-cümlətanı bircə gün qalırdı. Yukçi səhər sübhədən durub bulaq başına su gətirməyə getdi.
Günəş meşənin üzərindən qalxıb ağacların yarpaqlarını qızılı rəngə boyamışdı, hərarəti ilə bütün torpağa sevinc bəxş etmişdi. Yukçi dar meşə cığırı ilə addımlayırdı, çiynində çiyin ağacı var idi. Sevincindən başdan-ayağa işım-işıldayırdı. Bu gün o öz Yuanayını görəcəkdi.
Bu da büllur bulaq. Bu bulağa gəlmək üçün xeyli yol getmək lazım idi. Ancaq bu bulağın suyu büllur kimi şəffaf və təmiz idi. Yukçi vedrələri qoydu yerə. Suya sarı əyilib öz əksi ilə əylənməyə başladı. Birdən günəşin üzərini qara bir bulud örtdü, yerin üzərinə qaranlıq çökdü. Vıyıldayan külək bulağın ətrafında fırlanmağa başladı. Kim isə Yukçini alıb yüksəyə qaldırdı və meşənin üzəri ilə apardı…
Yuanay ovladığı çoxlu qənimətlə nişanlısının atası evinə gəldi. Qoca çox həyəcanlı idi: qız bir saatdan artıq idi ki, bulağa getmişdi, amma indiyə kimi hələ qayıtmamışdı.
Yuanay özünü atdı meşənin içindəki dar cığra. Bulaq başındakı iki boş vedrə yetim kimi dururdu. Çiyin ağacı da bir kənara atılıb qalmışdı.
Yuanay qışqırdı:
— Özünü gözlə, Turni!
Ancaq ona cavab olaraq vəhşi bir şaqqanaq eşidildi.
Bıçaq, ox və kamanı götürüb Yuanay birbaş Turninin məmləkətinə yollandı. Yuanay bir xeyli getdi, elə ayağını ləpələnən ilk bataqlığa basmışdı ki, burulğan oğlanın üstünə şığıyaraq qoçağı meşənin üzərinə qaldırıb bulağın yanına tolazladı…
Yuanay özü ilə Ağpəncə itini də götürüb yenidən bataqlığa tərəf getdi. Oğlan Ağpəncəni özündən qabağa buraxdı, it bataqlıq yığınlarının üstünə tullanan burulğan göyə təkcə iti qaldırdı. Yuanay isə bu müddətdə bataqlığın üstü ilə Turninin yaşadığı adaya gedib çıxa bilmişdi.
— Yukçi, sən buradasanmı?! — Yuanay təkcə bu sözləri deyə bildi. Yenə dəhşətli şaqqanaq eşidildi və gözəgörünməz bir qüvvə oğlanı top kimi bataqlığın üzərinə qaldırdı, yenə bulağa sarı tulladı.
Yuanay qayıdıb gəldi Yukçinin atasının yanına, əhvalatı başdan-başa ona danışdı. Qoca dedi:
— Oğlum, biz Turni ilə bacara bilmərik.
— Axı nə üçün?
Qoca dedi:
— Ona görə ki sən ancaq özün barədə və öz xoşbəxtliyin barədə düşünürsən. Nə üçün bu haqda heç kəslə məsləhətləşməmisən? Sən bilmirsən ki, çoxları bu zalım Turninin əlindən əzab-əziyyət çəkirlər? Sən gərək onun gücünü alasan, bax ancaq o vaxt məğlub olmazsan.
Yuanay dedi:
— Söylə, ata, bu gücü necə ala bilərəm?
Qoca dedi:
— Mən qədim bir əhvalat bilirəm. Orada deyilir ki, qədar Turniyə ancaq sehrli qılıncla qalib gəlmək olar…
Oğlan soruşdu:
— Belə bir qılıncı haradan almaq olar?
Qoca dedi:
— Bu qılıncı düzəltmək lazımdır. Turninin qızlarını oğurlayıb apardığı həmin ata-anaları axtarıb tapmaq lazımdır. Onların ata-analarından qızlarının bəzək şeylərini alarsan. Analar hələ də oğurlanıb aparılan uşaqları üçün göz yaşı axıdırlar. Gərək onların hamısının yaşını bir yerə yığasan. Bunların hamısını eləyib qurtarandan sonra qılıncı necə hazırlamağı mən sənə öyrədərəm.
Çox qızlar oğurlanıb aparılmışdı. Yuanay qırx pud cürbəcür bəzək şeyləri topladı, anaların dərdi o qədər böyük idi ki, onların göz yaşları iri bir çəlləyə sığdı. Bunların hamısını Yuanay götürüb Yukçinin atasının yanına gəldi. Onlar bəzək şeylərini dəmirçinin yanına apardılar. Dəmirçi zinət şeylərini iki hissəyə ayırmağı onlara məsləhət gördü. Polad qolbaqlar, dəmir bel kəmərləri, mis sırğalar qılıncın tiyəsinə işləndi, yerdə qalan bütün gümüş bər-bəzəklər isə qılıncın qulpunа işləndi. Elə ki qılınc düzülüb hazır oldu, dəmirçi onu soyutdu, sonra yenidən onu köz kimi qızartdı və anaların göz yaşı olan çəlləyin içinə atdı. Bu qılınc o qədər möhkəm oldu ki, hər cür qılıncı vurub sındırırdı, amma bu qılıncın üstündə bir balaca da olsa nişan, cızıq qalmırdı. Qılıncın gümüşü dəstəyi o qədər ağır idi ki, hər kəs bu qılıncın dəstəyindən yapışmış olsaydı, o adamı nə bir tufan, nə də boran havaya qaldıra bilərdi.
Bütün Mari xalqı Yuanayı döyüşə yola salmağa çıxmışdı.
Turni biləndə ki sehrli qılınc hazırlayıblar, qəzəbi daha da şiddətləndi və başı dumanlandı. Qəzəbindən bataqlığın üzərinə qalxdı. Dəhşətli bir tufana çevrilib adamların üzərinə hücuma keçdi. Təkcə Yuanay qılıncın dəstəyindən yapışıb yerində möhkəm dayandı. Gözlərini ağardaraq qılıncı yellədi, o saat külək kəsildi. Yuanay Turnini gördü: bu cavan igidin qarşısında üçbaşlı əjdaha dayanmışdı. Əjdahanın çox nəhəng bir quyruğu var idi, yer onun ağırlığından tir-tir titrəyirdi. Başının birindən alov püskürürdü, o biri başından üfunətli, bulanıq su püskürürdü, üçüncü başından tüstü çıxırdı. Tüstü tamam ətrafı bürümüşdü.
Yuanay bir də qılıncını yellədi, əjdahanın tüstü püskürən başı qopub bir tərəfə diyirləndi. Turni fəryad qoparıb igid oğlanın üzərinə alov püskürdü. Yuanayın paltarları alışıb-yanmağa başladı, amma oğlan geri çəkilmədi, cəld alışıb-yanmağa başladı. Oğlan geri çəkilmədi, cəld əjdahanın od püskürən başını kəsib atdı. Əjdahanın çarəsi qalmadı, üfunətli, bulanıq suyu püskürdü oğlanın üstünə. Yuanayın alışan paltarı söndü. Oğlan yenidən düşməninə qılınc çaldı…
Yer titrədi, yırğalandı, başı kəsilmiş Turnini uddu. Elə o dəqiqə üfunət bataqlığında su hərəkətə gəldi, qaynadı və Volqa çayına axmağa başladı. Bataqlıq qurudu. Həmin yerdə çoxlu dar cığırlar açıldı və o cığırların birində gözəl Yukçi göründü, onun ardınca da zalım Turninin əsir etdiyi qızlar sıralanmışdı.
Yuanay öz sevgilisini qolları üstünə qaldırıb apardı…
Qoçaq Yuanayın və gözəl Yukçinin gözlədikləri xoşbəxt toy günü gəlib çatdı.
22.10.2026