Muxtar Qasımzadə. Qırmızı
Yamacların döşündə
Lalə bitib, qırmızı.
Cığırları, izləri
Tamam tutub qırmızı.
Lalə dərən qıza bax,
Lentaları aldır, al.
Lalə yanaqlarının
Ortasında qara xal.
Laləliyə kim salıb
Bapbalaca bu qızı.
Lalələrdən seçilmir,
Donu tamam qırmızı.
Birdən Lalə çağırdım,
Boylandı, güldü Lalə.
Qırmızı güllərilə
Yüyürüb gəldi Lalə.