Əziz Sultan. Dəvənin dəlləkliyi
Günlərin bir günü dəvə dəlləklik etmək eşqinə düşdü. Bir dəmirçidən dəmir qayçı aldı. Düşdü heyvanların canına ki, gəlin dərdinizə dərman olum. Bu istidə bişməkdən, tərləyib əziyyət çəkməkdən sizi xilas edim.
Dəvə uzaqdan palıd ağacının dibində eşələnən dələni gördü. Dələnin quyruğu özündən böyük idi. Süpürgəyə bənzəyən bu quyruğun dələyə ağırlıq etdiyini düşündü. Dələnin yanına gedib belə dedi:
— Dələ, dələ, quyruğu şələ! Gəl quyruğundan kəsim, mane olmasın belə.
Dələ qorxusundan palıd ağacının ən hündür budağına dırmaşaraq dedi:
— Dəvə dəllək, minnətdaram. Quyruğumdan razıyam!
Bu dəfə dəvənin diqqətini çəmənlikdə otlayan dana çəkdi. Uzun quyruğunun saçaqlı qotazına pıtraq, pişə kimi tikanlı otlar yapışmışdı. Fikirləşdi ki, dana bundan qurtulmaq istəyər. Yanına yaxınlaşıb həyəcanla dedi:
— Dana, dana, quyruğunda həna! Quyruğunu qısaldım, yapışmasın tikana.
Dana böyürdü, yeri təpdi, buynuzlarını dəvəyə tuşlayaraq dedi:
— Dəvə dəllək, çox sağ ol. Quyruğumdan uzaq ol!
Dəvə narazı halda dodaqlarını büzüb ondan uzaqlaşdı. Bu səfər gözünə qaya kimi böyük bir daşın üstündə oturub pəncələrini yalayan aslan dəydi. Ona səsləndi:
— Aslan, aslan, meşədə şahsan. Gəl yalını nazildim, daha rahat qaçarsan.
Aslan nərə çəkib kükrədi. Dəvənin rəngi qaçdı, qorxusundan ayaqları titrədi. Aslan dişlərini qıcayaraq mırıldadı:
— Dəvə dəllək, toxunma! Yalıma qayçı vurma!
Dəvə baxdı ki, aslan yamanca qəzəblənib. Bir az da höcətləşsə, canından da olacaq. Aslandan uzaqlaşıb səhraya tərəf getdi. Saqqıldadıb qayçını dolaşaraq səhranı müştəri axtarmağa davam etdi.
Əlində qayçı olan dəvəni görəndə dəvəquşu dayandı, qorxusundan cəld başını quma saldı. Dəvə özündənrazı halda ona yaxınlaşdı. Belə dilsiz müştərini haradan tapacaqdı. Heç nə soruşmadan, icazə almadan işə başladı. Onun quyruğundakı üç-dörd lələyi kökündən kəsib tulladı. Elə ki dəvəquşunun quyruğu ağrıdı, başını qumdan çıxardı. Gördü ki, quyruğu yerində yoxdur. Hirslənib özündən çıxdı. Dəvənin üstünə hücum çəkdi.
Dəllək dəvə qaçmağa çalışsa da, dəvəquşu ondan çox-çox sürətli idi. Uzun ayaqları və dəvədən də hündür boynu var idi. Möhkəm, nazik dimdiyi isə dəvənin qayçısından da iti idi.
Dəvəquşu iri ayaqlarını açdı, sürətlə qaçdı, qaçdı, dəvənin yanına çatanda belinə hoppandı. Onun belinə elə möhkəm dimdik vurdu ki, dağ kimi donqarı çıxdı. Dəvə qayçını tullayıb sürətini bir az da artırdı, lap dovşan kimi qaçmağa başladı. Qaçdı, qaçdı, bir azdan səhrada gözdən itdi. Bundan sonra dəlləkliyi həmişəlik tərgitdi.
22.10.2026